Bakı Dəmiryol Vağzalında pulsuz parklanma müddəti artırılacaq? - AÇIQLAMA

 16:57 27.03.2024     1880

Xəbər verdiyimiz kimi, Bakı Dəmiryol Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində (“28 May” metrostansiyasının yuxarı hissəsi) yerləşən avtomobil parklanma ərazisində yeni qiymətlər müəyyən edilib. Amma qiymətlərlə bağlı vətəndaşlar tərəfindən xeyli narazılıqlar var.

Belə ki, vağzala gələn sərnişinlərin qarşılanma və yola salınması zonasında sürücülər avtomobillərini cəmi 15 dəqiqə pulsuz saxlaya bilərlər.

Ancaq vətəndaşlar heç olmasa ilk yarım saatın pulsuz olmasını təklif edirlər. Yəni "Azərbaycan Dəmir Yolları" QSC sərnişin məmnuniyyəti üçün onları qarşılayan və yola salanlara 30 dəqiqəyədək ödənişsiz parklanma şəraiti yaratmalıdır. Çünki vağzala sərnişin yola salmağa və qarşılamağa gələnlər adətən öz qonağının yüklərini avtomobildən qatara və ya qatardan avtomobilə qədər daşımalı olduqda, bu zaman onlara 15 dəqiqə kifayət etmir. 

Bəs, "Azərbaycan Dəmir Yolları" öz ərazisində parklanmanın ilk 30 dəqiqəsini pulsuz edə bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova söylədi ki, sözügedən ərazi  sərşinlərin qarşılanması və yola salınması zonası olduğu üçün avtomobillərin ilk 15 dəqiqə ərzində ödənişsiz park edilməsinə şərait yaradılıb:

"Dəmiryolundan istifadə edənlərin vağzal ərazisinə avtomobillə giriş və çıxışını, o cümlədən sərnişin məmnuniyyətini təmin etmək baxımından 15 dəqiqə ödənişsiz vaxt müddəti təyin edilib. Tariflərin yüksək olmasına gəlincə, bu zonanın təyinatı ilk növbədə sərnişinlərin vağzal ərazisinə rahat daxil olmaları və çıxışını təmin etməkdir". 

Ərazidə pulsuz parkinq vaxtının 15 dəqiqədən 30 dəqiqəyədək qaldırılması barədə sualımıza isə ADY sözçüsü belə cavab verdi: "Tarif qiymətləri olduğu kimi qalır, yəni dəyişdirilməyəcək".

Mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı söylədi ki, ilk yarım saatı pulsuz etmək üçün gərək qanunvericilikdə dəyişiklik edilsin.

"Çünki Azərbaycan qanunvericiliyində, "Yol hərəkəti haqqında" qanunda konkret göstərilib ki, parklanma ilə bağlı yalnız 15 dəqiqə pulsuzdur. Qanuna dəyişiklik olandan sonra, əlbəttə, "Azərbaycan Dəmir Yolları" da bu qanunu əsas tutaraq belə bir addım ata bilər. Hələlik yalnız 15 dəqiqə icazəsi var. Qanun bunu tələb edir. Ona görə də aidiyyəti qurumlar da məhz bu qanuna əsaslanıb belə bir addım atırlar".

Humay İSGƏNDƏRLİ

2222