"Elektron kitablar heç vaxt ənənəvi kitabı əvəz edə bilməz" - Sabir Rüstəmxanlı

 16:03 16.03.2024     972

Ötən gün Milli Məclisin plenar iclasında çıxış edən Baş nazir Əli Əsədovun deputatların mədəniyyət evlərinin təmiri və açılması ilə bağlı təklifinə cavab olaraq bildirdi ki, dövran dəyişib, artıq internet dövrüdür.

“Mədəniyyət ocaqlarına, kitabxanlara gəldikdə isə dövran dəyişib. İnternet var artıq. Bu, o demək deyil ki, kitabxanalara qarşıyam. Reallıqları nəzərə almaq lazımdır” - deyə Əli Əsədov bildirib.

Qeyd edək ki, Baş nazirin bu çıxışı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Çünki kitabların əksəriyyətinin elektron versiyası olmadığı üçün hələ də kitabxanaların saxlanmasına böyük ehtiyac var.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Xalq şairi, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Sabir Rüstəmxanlının sözlərinə görə, Baş nazirin fikri əvvəlki kimi bütün kəndlərdə kitabxanaları bərpa etməyin çox çətin olduğu məsələsinə əsaslanır.

"Çünki kitabların tirajı da balacadır, rayonlara gedib çatmır. Hesab edirəm ki, kitabxanası, mədəniyyət evi olmayan bir kəndi gələcəkdə də təsəvvür etmək olmaz. Kitabların nə qədər az tirajı çıxsa da, kəndlərə kitab getməlidir. Çünki bütün kəndlərdə istənilən etibarlı internet yoxdur və internet də, elektron kitablar da heç vaxt kağızda çap olunmuş ənənəvi kitabı əvəz edə bilməz. Ona görə də hesab edirəm ki, Baş nazir indi bir çoxunun təmirə, bərpa olunmağa ehtiyacı olan kitabxanaların vəziyyətini nəzərdə tutub, "reallığı nəzərə alıb danışaq" deyəndə bunu nəzərdə tutur. Amma hər halda bu, kitabı və kitabxananı inkar etmək demək deyil", - deyə Xalq şairi bildirdi.

Humay İSGƏNDƏRLİ