Neft Fondu daha 2,8 ton qızıl aldı

 17:56 22.04.2024     299

Azərbaycan Dövlət Neft Fondunun qızıl ehtiyatlarının miqdarı 104,6 tona yüksəlib. 

Redaktor.az xəbər verir ki, 2024-cü ilin aprelin 1-nə olan məlumata əsasən, bu ilin birinci rübü ərzində Fond daha 2,8 ton qızıl alıb. 

Ötən ilin sonunda Fondun 101,8 ton qızılı var idi. Son məlumata əsasən, Neft Fondunun investisiya portfelinin 13,2 faizi qızıldan ibarətdir. Aprelin 1-nə olan məlumata əsasən, bu qədər qızılın birja dəyəri 7,499 milyard dollar təşkil edib. 

“Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ına əsasən, Fond investisiya portfelinin məcmu dəyərinin 15%-ə qədərini qızıla investisiya edə bilər.

Neft Fondu 2012-ci ilin fevralından qızıl alışına başlayıb. İlk dəfə 25 qızıl külçənin (10 000 troya unsiyası) həftəlik alışına başlanıb. Qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədilə, 30,18 ton (970 146 troya unsiyası) qızılın mərhələli şəkildə (həftələr üzrə) bərabər miqdarda bölüşdürülməklə 2 il müddətində Fondun investisiya portfelinə daxil edilməsi həyata keçirilib.

2018-ci ilin ikinci rübündən 2020-ci ilin ikinci rübünədək qızıl alışı davam etdirilmiş, nəticədə Fond investisiya portfelində qızılın həcmi 101,8 tona (3 272 975 troya unsiyası) çatdırılıb (sfera).