"Hər il məktəblərdə xoşagəlməz hadisə baş verir" - Nazir

 16:03 18.04.2024     1334

"Məktəblərdə hadisə qurbanı və mahiyyəti kənarda qalıb emosional davranış əsas götürülürsə bu, yaxşı deyil".

Redaktor.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər il məktəblərdə xoşagəlməz hadisə baş verir:

"Belə hallar bu gün də var, sonra da olacaq. Bütün dünyada vəziyyət belədir. Yaxşı təhsil sistemini pisdən ayıran əsas nüans sondakı reaksiyanın nədən ibarət olmasıdır. Hadisə qurbanı və mahiyyəti kənarda qalıb emosional davranış əsas götürülürsə bu, yaxşı deyil. Hadisə baş veribsə əsas məsələ nəticədir".

Əmrullayev bildirib ki, azyaşlı və yeniyetmələrlə iş görən komissiyaların işinə nəzarət gücləndirilməlidir.

"Bəzən emosional gərginliyin mənfi təsirə məruz qalan şagirdə hansı faydası var məsələsi kənarda qalır. Halbuki nəzərə almaq lazımdır ki, emosiya tez bitir", - deyə nazir bildirib.