Alimlər nəhəng qloriya aşkar etdilər - Yupiterdən iki dəfə böyükdür...

 19:05 05.04.2024     524

Portuqaliya, İtaliya, Böyük Britaniya və digər ölkələrdən olan beynəlxalq astronomlar qrupu Balıqlar bürcündə Yerdən 640 işıq ili uzaqlıqda yerləşən WASP-76b ekzoplanetinin atmosferində nadir hadisə aşkar ediblər. Alimlər müəyyən ediblər ki, uzaq dünyanın buludlarında qloriya - xüsusi bir halo növü var.

Redaktor.az xəbər verir ki, tədqiqat "Astronomy & Astrophysics" (A&A) elmi jurnalında dərc olunub.

Qloriya, işıq mənbəyinin qarşısında buludlarda və ya dumanda görünən göy qurşağı dairəsi və ya halodur. Günəş sistemində bu optik hadisə yalnız Yer və Venerada baş verir və son vaxtlara qədər Günəş sistemindən kənarda heç vaxt müşahidə olunmayıb.

“Daha əvvəl günəş sistemimizdən kənarda heç bir qloriyanın görünməməsinin bir səbəbi var - onlar çox özünəməxsus şərtlər tələb edir. Birincisi, demək olar ki, mükəmməl sferik, tamamilə vahid və uzun müddət ərzində müşahidə oluna biləcək qədər sabit olan atmosfer hissəciklərinə ehtiyacınız var. Bu halda planetə ən yaxın olan ulduz bilavasitə ona parlamalıdır”, – deyə Portuqaliyadakı Astrofizika və Kosmos Elmləri İnstitutundan astronom Olivye Demanqeon bildirib.

Alimlərin fikrincə, Qloriyanın WASP-76b atmosferində görünməsi bu dünyanın xüsusiyyətlərini nəzərə alsaq, ikiqat qeyri-adidir. O, Yupiterdən demək olar ki, iki dəfə böyük olan qaz nəhəngidir. Ulduza yaxın yerləşdiyinə görə, WASP-76b-də gündüz temperaturu 2,4 min °C-dən çox olur ki, bu da dəmirin buxarlanması üçün kifayətdir. Buna görə də planet qaz halında olan metal buludları ilə örtülüdür və onun üzərinə vaxtaşırı dəmir yağışları yağır.

Astronomlar qeyd ediblər ki, onların kəşfi digər planetlərin atmosfer şəraitini daha yaxşı öyrənməyə və optik xüsusiyyətlərin dəyişməsi ilə onların üzərində maye suyu tapmağa kömək edəcək.

Turan İSMAYIL