İstanbulun möcüzəli Yerəbatan Sarayı - FOTO/VİDEO

 17:00 08.02.2024     2287

İstanbulun "Tarixi Yarımada" adlanan ərazisindəki möhtəşəm qədim tikililərindən biri də Ayasofya Məscidinin yan tərəfindəki Yerəbatan Sarnıcıdır.

Əsrlər boyu su anbarı kimi istifadə olunan Yerəbatan Sarnıcı el arasında deyildiyi kimi də möhtəşəm sarayı xatırladır.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Berkan Taşan deyir ki, bu anbar 542-ci ildə İmperator I Yustinian dövründə tikilib.

6-cı əsrdə Şərqi Roma imperatoru o zamankı Konstantinopolda su ehtiyaclarını ödəmək üçün böyük bir anbar tikdirib və saraya bənzər bu anbarda su toplanıb. Sarayın divarları kərpicdən hörülüb, buradakı 336 sütun isə Roma imperiyasının müxtəlif bölgələrindən gətirilən mərmərlərdən hazırlanıb. Bizanslılar şəhər mərkəzindəki əhalinin içməli suya ehtiyacını ödəmək üçün 25-30 kilometr məsafədən çaylardan kanallar vasitəsilə su çəkiblər və bu suyu içməli su kimi istifadə ediblər. Bu saray Osmanlı dövründə də istifadə olunub və Cümhuriyyət dövründə - 1987-ci ildən artıq muzeyə çevrilib.

Berkan Taşanın sözlərinə görə, İstanbulda Bizans dönəmindən qalma 200-dən çox su sarnıcı var. Amma bunların ən böyüyü Yerəbatan Sarnıcıdır ki, ona da xalq arasında Yerəbatan (yeraltı) Sarayı deyilir. Sarayda 2 milyon ton su saxlamaq imkanı var.

Yerin altındakı bu sarayda doğrudan da fərqli və gözəl bir atmosfer var. İçərisində az miqdarda su saxlanılan bu saraya çoxlu turist axını var.

Ziyarətçiləri burada heyran edən məqamlardan biri də iki sütunda olan meduza başlarıdır. Onlardan biri tərs, biri isə üfüqi olaraq yerləşdirilib. Sarayın içində hər tərəfdə suya atılmış qəpiklər görə bilərsiniz. Bu pulları niyyət tutub atırlar.

Qeyd edək ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan, Qazaxıstan və Özbəkistandan olan 8 jurnalist İstanbulda səfərdə olub, şəhərin tarixi yerləri ilə tanış olublar.

A.ASLAN

2222222222222222