İstanbulda dünyanın ən inanılmaz bazarı – Qapalı Çarşı

 18:19 19.02.2024     2557

Türkiyənin mədəniyyət və moda paytaxtı İstanbul həm də alış-veriş cənnətidir və qonaqlarına heç yerdə olmadığı kimi alış-veriş imkanları təqdim edir. O, çoxəsrlik bazarları, zərif alış-veriş məhəllələri və küçələri, eksklüziv moda butikləri və müasir ticarət mərkəzləri ilə alış-veriş etmək üçün saysız-hesabsız gözəl istiqamətlər və mərkəzlər təqdim edir. Buna görə də, şəhər ənənəvi və müasir məhsulları ilə alış-veriş müxtəlifliyi baxımından çox şey təklif edir ki, bu da onu alış-veriş həvəskarları üçün cazibə mərkəzi edir.

İstanbulda dünyanın ən qədim və böyük qapalı bazarındayıq. Yerlilərin Qapalı Çarşı adlandırdığı bu bazar 1461-ci ildə Fateh Sultan Mehmetin zamanında inşa edilməyə başlayıb. Əsl böyük çarşı isə Qanuni Sultan Süleyman taxtda olarkən tikdirilib.

Sultanəhməd meydanına yaxın olan Qapalı Çarşı İstanbulun görülməsi lazım olan, bənzərsiz bir mərkəzidir. 30700 kvadratmetr ərazini və 64 küçədə 4000-ə yaxın mağazanı əhatə edən Qapalı Çarşı dünyanın ən böyük bazarıdır. Burada 20 mindən çox insan çalışır və gündəlik 300-500 min arası ziyarətçisi var. İstanbulda türk xalçaları və kilimləri, dünyaca məşhur İznik və Kütahya keramikaları, zərgərlik məmulatları və bu ölkədən türk metal məmulatları almaq üçün mükəmməl yerdir.

Əgər İstanbuldan qızıl, ləl-cəvahirat almaq istəyirsinizsə, bunları Qapalı Çarşıdan münasib qiymətə ala bilərsiniz. Vətənə dönərkən, kiməsə hədiyyə vermək istəyən varsa, bu bazarda gümüşdən, misdən, bürüncdən biri-birindən gözəl hədiyyəlik əşyalar tapa bilər.

Qapalı Çarşı doğrudan da dünyanın ən inanılmaz bazarıdır. Onu inanılmaz edən xüsusiyyətlərindən biri də müstəqil birjasıdır. Buradakı valyutadəyişmə məntəqləri şəhərin digər yerlərindən fərqli qiymətə valyuta mübadilə edir. Əgər siz İstanbula dollarla getmisinizsə və onu baha satmaq istəyirsinizsə, Qapalı Çarşıya gedin.

Qeyd edək ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan, Qazaxıstan və Özbəkistandan olan 8 jurnalist İstanbulda səfərdə olub, şəhərin tarixi yerləri ilə tanış olublar.

A.ASLAN

2222222