İstanbulda dünya markalarının toplandığı yer - FOTO

 19:41 21.02.2024     3643

Türkiyənin İstanbul şəhərində gəzməli-görməli, alış-veriş etməli yerlərindən biri də şəhərin tam mərkəzindəki Zorlu Mərkəzidir.

"Zorlu Center" adlanan bu mərkəz əslində bir beynəlxalq cazibə mərkəzidir. Bura şəhərin Beşiktaş səmtində yüksək səviyyəli ticarət mərkəzi, beşulduzlu “Raffles” oteli və mədəniyyət və incəsənət məkanları, həmçinin yaşayış sahəsi, rezidensiya və ofisləri özündə birləşdirən çoxfunksiyalı kompleksdir.

Əgər İstanbula gəlib dünyanın aparıcı moda və pərakəndə brendlərinin mağazalarından alış-veriş etmək istəyən varsa, onun Zorlu Ticarət Mərkəzinə gəlməsi kifayət edər. Yəni Avropanın ən böyük yaşıl damına malik olan “Zorlu”da 200-dən çox marka ilə tanış olmaq mümkündür. Burada az sayda olsa da, yerli markaların da mağazaları var.

Mərkəzdə “Günaydın”, “Eataly”, “Cantinery”, “Morini”, “Parle”, “Zanzibar” və s. kimi məşhur restoranlarda türk və Avropa mətbəxinin ləziz yeməklərini dadmaq mümkündür.

Mərkəzdəki beşulduzlu otel isə hər adamın cibinə görə deyil. Dəniz, Boğaz mənzərəsi olan bu binalarda otel qiyməti çox bahadır.

Digər tərəfdən, mədəniyyət, incəsənət və əyləncənin görüşmə nöqtəsi olan Zorlu Performans Sənətləri Mərkəzində bir çox tanınmış sənətçiləri izləmək mümkündür.

Qeyd edək ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan, Qazaxıstan və Özbəkistandan olan 8 jurnalist İstanbulda səfərdə olub, şəhərin gəzməli-görməli yerləri ilə tanış olublar.

A.ASLAN

222222