Polşada rus casuslar şəbəkəsi axtarılır

 18:35 28.03.2024     211

Polşa xüsusi xidmət orqanları Ukraynanı gözdən salan rus casuslar şəbəkəsinin fəaliyyətinin araşdırılması ilə bağlı bir sıra axtarışlar aparıb. 

Redaktor.az "Onet"a istinadən xəbər verir ki, bu barədə Polşanın Xüsusi Xidmətlər Nazirliyinin mətbuat katibi Yaçek Dobrzinski bildirib.

Qeyd olunur ki, axtarışlar dünən Varşavada və Polşanın qərbindəki Tıxi şəhərində aparılıb. Axtarış zamanı on minlərlə dollar ələ keçirilib.

Əməliyyat digər Avropa ölkələrinin təhlükəsizlik xidmətləri ilə, xüsusən də Çexiyadan olan tərəfdaşlarla əlaqələndirilib.

“Məqsəd Kremlin xarici siyasətinin ilkin şərtlərini həyata keçirmək, xüsusən də Polşa Respublikasının beynəlxalq arenada mövqeyini zəiflətmək, Ukraynanı və Aİ orqanlarının imicini gözdən salmaq idi”, - bəyanatda deyilir.

Polşa təhlükəsizlik rəsmiləri aydınlaşdırıblar ki, yuxarıda göstərilən məqsədlərə nail olmaq üçün Rusiyayönlü məqalələr, bəyanatlar, şərhlər və müsahibələr dərc edən “voice-of-europe.eu” beynəlxalq saytı fəaliyyətə başlayıb.

Qeyd edək ki, dünən Çexiya Ukraynanın keçmiş xalq deputatı Viktor Medvedçuka qarşı sanksiyalar tətbiq edib.

Buna səbəb onun “Avropanın Səsi” şirkəti ilə əlaqəli olan zərərli fəaliyyəti olub. O, rusiyapərəst təbliğatla məşğuldur. Sanksiya siyahısına əlavə edilən şəxslərin Avropa İttifaqı ölkələrinə, ardınca isə Avropa Parlamentinə təsir göstərməyə çalışdığı dəqiqləşir.

Çexiyanın Təhlükəsizlik İnformasiya Xidməti bildirib ki, Rusiya Aİ ölkələrinin ərazilərinə təsir edir və siyasi proseslərə təsir etməyə çalışır.

Turan İSMAYIL