Fransa Ukraynadakı müharibəyə könüllüləri cəlb edən saytı blokladı

 18:53 28.03.2024     173

Fransa xüsusi xidmət orqanları “Ukraynadakı müharibəyə könüllülərin cəlb edilməsi” barədə məlumat yerləşdirən saxta saytı bloklayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "The Guardian" Fransa Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Fransa Müdafiə Nazirliyi saytın “pis niyyətlilər tərəfindən dezinformasiya kampaniyası çərçivəsində yaradıldığını” vurğulayıb.

“The Guardian” yazır ki, Fransa mediası internet saytında 200 min fransalıya Ukrayna və Rusiya arasında müharibədə iştirak etmək üçün dəvətin olduğunu yazıb. Həmçinin bildirilib ki, “immiqrantlara üstünlük verilir”.

Adı açıqlanmayan bir hökumət rəsmisi fransız jurnalistlərə deyib ki, saytda "Fransa ordusunun Ukraynaya qoşun göndərməyə hazırlaşdığını iddia edən dezinformasiya kampaniyası çərçivəsində Rusiya və ya Rusiyayönlü səylərin əlamətləri var".

Saxta veb-sayt potensial işə götürülənlərdən Ukrayna qüvvələrinə qoşulmaq barədə məlumat almaq üçün "Bölmə komandiri Paul" ilə əlaqə saxlamağı xahiş edib. Fransa Müdafiə Nazirliyi və hökumətin kiber bölmələri bununla bağlı araşdırma aparır.

Xatırladaq ki, bu yaxınlarda Fransa Prezidenti Emmanuel Makron Qərb ölkələrindən Ukraynaya hərbi personal göndərilməsinin mümkünlüyünü etiraf edib. Dövlət başçısı aydınlıq gətirib ki, bu məsələdə konsensus yoxdur.

Daha sonra o bildirib ki, Rusiya Kiyev və ya Odessaya ikinci hücuma keçərsə, Fransa öz əsgərlərini Ukraynaya göndərə bilər.

Fransa prezidenti vurğulayıb ki, onun Ukraynaya mümkün əsgər göndərilməsi ilə bağlı sözləri balanslaşdırılmış və düşünülmüşdür.

Turan İSMAYIL