Quru sərhədlərimiz açılmalıdır - Deputatlar

 16:37 18.05.2022     509

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin koronavirusla əlaqədar Gürcüstana girişə qoyulan məhdudiyyətləri ləğv edən sərəncam imzalayıb. Qeyd edək ki, Rusiya hökumətinin 27 mart 2020-ci il tarixli qərarı Rusiyanın Gürcüstanla quru sərhədini keçmək üçün səfərin məqsədinin təhsil, iş, müalicə və ya digər üzrlü səbəblər olduğunu sübut etmək tələb olunurdu. Artıq sözügedən məhdudiyyətlər ləğv edilib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Azərbaycanın da qonşu ölkələrlə quru sərhədləri bağlıdır. Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə karantin rejimi ilə bağlı bir çox məhdidiyyətləri ləğv etsə də, quru sərhədlərin açılması barədə qərar vermir. Bu isə xüsusilə Rusiyadan ölkəmizə qayıtmaq istəyən azərbaycanlıların narazılığı ilə qarşılanır.

Əgər qonşu ölkələrdə quru sərhədləri ilə bağlı məhdudiyyətlər aradan qaldırılırsa, Azərbaycanın da quru sərhədləri açıla bilərmi?

Mövzu barədə Redaktor.az-a danışan millət vəkili Fazil Mustafa dedi ki, sərhədləri bütün ölkələr açırsa, biz də açmalıyıq:

“Əlbəttə bizdə də əvvəl-axır sərhədlər açılacaq. Hər halda hökumətin də hər hansı bir mülahizələri var ki, hələ bu addımı atmır. Çünki ola bilər sərhəddə müəyyən hansısa problemlər var. Hamı sərhədi açırsa, bizdə bağlamaq olmaz ki. Əvvəl-axır açılacaq. Yəqin ki, yaxın günlərdə, yaxın vaxtlarda açılar”.

Deputat Hikmət Babaoğlu isə bildirdi ki, müvafiq qurumlar rəqəmləri təhlil etdikdən sonra nəticəyə gələcək:

“Azərbaycanın sərhədlərinin açılması həmişə gündəmdədir. Xüsusən ölkəmizdə sərhədlərin bağlanmasına səbəb olan pandemiya hadisəsi son günlərdə statistik baxımından ən aşağı səviyyədədir. Bu isə özlüyündə sərhədlərin bağlanmasının səbəbini aradan götürdüyünə görə şübhəsiz ki, Azərbaycan da sərhədləri aça bilər. Bununla bağlı ən doğru qərarı müvafiq qurumlar əllərində olan statistik rəqəmləri təhlil etdikdən sonra konkret nəticəyə gələcəklər. Düşünürəm ki, rəqəmlər və şərtlər uyğun olan kimi hər halda müvafiq qərar qəbul edilə bilər. Çünki quru sərhədlərin açılması zəruridir. Quru sərhədlərinin açılması artıq həm də ictimai tələbata çevrilib. Önümüzdə turizm sezonu başlayır. Eyni zamanda, ticarət mübadiləsinin, iqtisadi əlaqələrin yenidən bərpa olunması baxımından da quru sərhədlərin açılması aktualdır. Ona görə mən düşünürəm ki, ən qısa zamanda müvafiq qurumlar bununla bağlı qərar verə bilər”.

Deputat Fəzail Ağamalı isə qeyd etdi ki, ölkədəki durum belə davam edərsə, sərhədlər açıla bilər:

“Bu baxır ölkədəki duruma. Durum əgər bu şəkildə gedərsə, yoluxanlar azalarsa, sağalanlar çoxalarsa, təbii ki, biz də açacağıq. Nə vaxtadək bağlı qalmalıdır ki? Hamısı koronavirusa görədir. O yoxdursa, deməli sərhədlər də açılmalıdır. Yaxın zamanda açılıb-açılmayacağını deyə bilmərəm. Bu, Operativ Qərargahın qərarından asılıdır və ölkədəki durumla bağlıdır”.

Zərif Ülviqızı