Bakıda tarixi binalar sökülür? - RƏSMİ AÇIQLAMA

 18:30 05.08.2022     541

Dövlət Pantomima Teatrı Nazirlər Kabinetinin müvafiq əmri ilə dövlət tərəfindən mühafizə edilən abidələr siyahısındadır.

Redaktor.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

O qeyd edib ki, teatrın yaxınlığında söküntüsü aparılan binalar tarixi abidə deyil: “Hazırda teatrın ətrafında söküntüsü aparılan binalar tarixi abidə deyil və həmçinin həmin binalar Pantomima Teatrının mühafizə zonasına daxil deyil”.

Nuridə Allahyarovanın sözlərinə görə, mühafizə zonasına daxil olan ərazidəki bütün proses barədə Dövlət Xidmətinə məlumat verilməlidir: “Mühafizə zonasına daxil olan ərazidə baş verəcək bütün söküntü-tikinti prosesi ilə bağlı Dövlət Xidmətinə mütləq şəkildə məlumat verilməlidir”.

Sektor müdiri Pantomima Teatrının yaxınlığındakı bina və obyektlərin satın alına bilməsi məsələsinə də münasibət bildirib: “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti mədəni irsin qorunması, müəyyən qoruqların ərazisi istisna olmaqla, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət obyektlərindən (abidələrindən) istifadə, onların bərpası, rekonstruksiyası, konservasiyası və yenidən qurulması sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Hər hansısa bir bina və yaxud da obyektin satın alınması məsələsi səlahiyyətimizə aid deyil. Amma istənilən halda, tərəfimizdən bu proses barədə ətraflı araşdırma və dəqiqləşdirmə aparılır”.

Qeyd edək ki, bir neçə gündür Dövlət Pantomima Teatrının yaxınlığındakı binaların sökülməsi məsələsi sosial şəbəkələrdə müzakirə edilirdi.

22