"Kor yerlərə də kameralar quraşdırılmalıdır" - Ekspertdən vacib TƏKLİF

 16:22 20.12.2023     3413

Xəbər verdiyimiz kimi, “Xaliq Faiqoğlu” şirkəti Bakı-Sumqayıt yoluna çəkilmiş avtobus zolağının sərnişindaşıma prosesindəki effektivliyi ilə bağlı araşdırma aparıb.

Bildirilib ki, Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzalına və geriyə çəkilmiş avtobus zolağı müntəzəm marşrut xətlərinin fəaliyyətinə müsbət təsir göstərməkdədir.

Lakin müşahidələrimizə əsasən, görürük ki, avtobus zolağı çəkilsə belə, yollarda tıxac problemi qalmaqdadır və maşınlar həmin zolağa daxil olaraq daha çox tıxac yaradırlar. 

Məsələ ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirdi ki, ictimai nəqliyyatda, əsasən də avtobuslarda onların işinin effektiv olması, optimallaşdırılması üçün avtobus zolaqlarının yaradılması və həmin zolaqların işlək vəziyyətdə öz funksiyasını normal yerinə yetirilməsi üçün bütün şəraitin yaradılması vacib şərtlərdəndir.

"Bir avtobusda 50-60 adam gedirsə, həmin 50-60 adam 30-50 ədəd avtomobildə hərəkət edə bilir. Yəni biz buna rasional baxsaq, bu şəkildə bölünür. Amma qeyd etsək ki, əgər avtobusların sayını biz artırdıqca və ona şərait yaratdıqca, vətəndaşlar tıxaclara düşməkdən, vaxt itirməkdən çəkinərək, ictimai nəqliyyatdan, yəni avtobuslardan daha geniş istifadə edəcək. Avtobus zolaqlarının işlək vəziyyətdə olması da vacib şərtlərdəndir. Yəni zolağa başqa nəqliyyat vasitələrinin girməsi, yenidən avtobusların tıxaca salınması yolverilməzdir. Belə olduğu halda effektiv çalışmayacaq. 

Bir çox hallarda biz görürük ki, avtobus zolaqlarına kənar avtomobillər daxil olurlar. Bunlar da əsasən kameraların olmadığı yerdə, yol patrul xidməti əməkdaşlarının o bölgədə olmadığı ərazilərdə baş verir. Təbii ki, bu da yolverilməzdir. Bunun işlək vəziyyətə gətirilməsi üçün, yəni bu zolaqların işlək olması üçün mütləq kor yerlərə də, yəni kameraların görmədiyi yerlərə də kameraların quraşdırılması və zolaqların tamamən istifadə üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinin oraya daxil olmasına şərait yaradılmalıdır. Belə olan halda heç bir vətəndaş saatlarla şəxsi avtomobilində tıxacda getməyi üstün tutmayacaq və ictimai nəqliyyata üstünlük verəcək. Bu da getdikcə şəhərdəki sıxlığın azalmasına, tıxacların azalmasına, ekoloji vəziyyətin sabitləşməsinə öz müsbət təsirini göstərəcəkdir",- deyə ekspert qeyd etdi.

Həmidə İBRAHİMLİ