Dünyanı heyran qoyan şəhər - İstanbulda haraları gəzmək, haralarda alış-veriş etmək olar? - REPORTAJ

 14:53 29.01.2024     10533

Türk Hava Yollarının (THY) təyyarəsi ilə Bakıdan İstanbula uçuram. Türkiyəyə səfərim qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə gerçəkləşir. 4 günlük səfərdə 3 türk dövlətindən - Azərbaycan, Qazaxıstan və Özbəkistandan olan 8 jurnalist İstanbulun tarixi yerləri, mədəniyyəti, mətbəxi, alış-veriş yerləri ilə tanış olacaqdı.

İstanbul Mədəniyyəti və Alış-veriş Mətbuat Marşrut proqramı çox zəngin idi. Və mən bu reportajımda gəzdiyimiz, gördüyümüz yerlərlə bağlı maraqlı məlumatları sizinlə bölüşəcəm.

“Dünyanın qovuşduğu nöqtəyə xoş gəlmisiniz”

Dünyanın ən böyük aeroportlarından biri olan İstanbul Hava Limanına eniş edirik. Stüardessa salonda elan edir: “Dünyanın qovuşduğu nöqtəyə xoş gəlmisiniz”.

Bəli, doğrudan da dünya İstanbul Hava Limanında qovuşur. Dünyanın müxtəlif ölkələrinə səfər etmək istəyənlər buradan transfer edirlər. Təkcə aeroport deyil, elə İstanbul özü dünyanın qovuşduğu bir şəhərdir. Bura həm də iki qitə arasında ənənəvi və müasir həyatın qovuşduğu nöqtədir...

İstanbul Türkiyənin mədəniyyət və moda paytaxtıdır. Şəhərdəki qədim yerlər, bənzərsiz gözəlliklər, sehrli mənzərələr, antikvar dükanlar, suvenir mağazaları və küçə ləzzətləri ilə dolu olan məhəllələr, alış-veriş mərkəzləri, bütün bunlar bir məcara vəd edir...

Türk millətləri niyə bir-birini rus və ya ingilis dilində anlamalıdır ki?!

Hava limanında bizi Muhammed Öner adlı türkiyəli qardaşımız gözləyirdi. Tez-tez votsapdan yazıb harada olduğumuzu soruşurdu. Nəhayət onun bizi gözlədiyi 8-ci qapıya çatdıq. İstanbul Hava Limanı o qədər böyük idi ki, Muhammedə zarafatla “sənin yanına çatanadək bütün İstanbulu gəzdik” dedim.

Aeroportdan birbaşa qalacağımız otelə gəlirik. Bura məşhur İstiqlal caddesinin bir neçə addımlığında yerləşir. Bizi Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı, professional turizm rəhbəri Berkan Taşan qarşılayır. O, səfər boyu bizə bələdçilik edəcəkdi.

Otaqlarımıza yerləşdikdən sonra otelin restoranında nahara gəlirik. Qazaxıstandan olan həmkarlarımız da burada idi. Biz onlarla Türkiyə türkcəsində salamlaşıb hal-əhval tuturuq. Hiss edirik ki, türkcəni bilmirlər və bizə rus dilində cavab verirlər.  Amma sonradan səfər boyu həm qazax, həm özbək jurnalistlərlə türk millətinin vahid bir əlifbası və dilinin yaradılması barədə çoxlu müzakirələr apardıq, bunun vacibliyi barədə ortaq fikrə gəldik.

Özbəkistanın “Sevimli” televisiyasının müxbiri İxtiyor Siddiqov, Qazaxıstandan olan jurnalistlər -  “24.kz” televiziyasının müxbiri Merey Muratxanqızı və “el.kz” saytının müxbiri Mədinə Assıbek ilə hətta rus dilində danışmadan bir-birimizi oxşar sözlərimizlə anlamağa başladıq, ölkələrimizin mədəniyyəti, mətbəxi və sair barədə söhbətlər etdik. Onlarla söhbətlərimdən belə qənaətə gəldim ki, doğrudan da türk millətlərinin bir-birini yaxşı başa düşməsi üçün mütləq ortaq türk dilinə ehtiyac var. Türk millətləri niyə bir-birini rus və ya ingilis dilində anlamalıdır ki?!

Dünya markalarının toplandığı yer - "Zorlu Center"

Səfərin ilk günü axşam saatlarında İstanbulun tam mərkəzindəki “Zorlu Center”ə gedirik. Bura beynəlxalq cazibə mərkəzi desək yanılmarıq.

“Zorlu Center” şəhərin Beşiktaş səmtində yüksək səviyyəli ticarət mərkəzi, beşulduzlu “Raffles” oteli və mədəniyyət və incəsənət məkanları, həmçinin yaşayış sahəsi, rezidensiya və ofisləri özündə birləşdirən çoxfunksiyalı kompleksdir.

Əgər İstanbula gəlib dünyanın aparıcı moda və pərakəndə brendlərinin mağazalarından alış-veriş etmək istəyən varsa, onun Zorlu Ticarət Mərkəzinə gəlməsi kifayət edər. Yəni Avropanın ən böyük yaşıl damına malik olan “Zorlu”da 200-dən çox marka ilə tanış olmaq mümkündür. Burada az sayda olsa da, yerli markaların da mağazaları var.

Mərkəzdə “Günaydın”, “Eataly”, “Cantinery”, “Morini”, “Parle”, “Zanzibar” və s. kimi məşhur restoranlarda türk və Avropa mətbəxinin ləziz yeməklərini dadmaq mümkündür.

Mərkəzdəki beşulduzlu otel isə hər adamın cibinə görə deyil. Dəniz, Boğaz mənzərəsi olan bu binalarda həm otel qiyməti, həm də yaşayış mənzillərinin qiyməti çox bahadır. Hətta eşitdik ki, bir azərbaycanlı “Zorlu Center”dən 3 milyon dollara mənzil alıb.

Tarixi Yarımada və ya İstanbulun ürəyi

Səfərin ikinci günü İstanbulun ürəyi sayılan “Tarixi Yarımada”da olduq. Bura bir tərəfdən qədim şəhər divarları, digər tərəfdən isə Boğaziçi (Bosfor), Mərmərə dənizi ilə əhatə olunmuş, tarixi əsərlərin və köklü arxitekturaya malik binaların bir araya gəldiyi unikal turizm məkanıdır. Şərqi Roma və Osmanlı imperiyalarının ictimai və siyasi mərkəzi olmuş bu məkanda Misir, Roma, Bizans və Osmanlı dövrlərinin izlərinə rast gəlinir.

Bəlkə də İstanbula səfər edən azərbaycanlıların bir çoxu Tarixi Yarımada adlanan bu yerdəki Ayasofya və Sultanəhməd məscidlərini, Topqapı Sarayını ziyarət ediblər. Amma burada elə məkanlar da var ki, mən özüm də onları ilk dəfə ziyarət etdim.

Bu arada qeyd edim ki, Tarixi Yarımadada professional kamera ilə çəkilişlər qadağandır. Əgər buna cəhd edərsizsə, turizm polisi başınızın üstünü kəsdirəcək. Bunun üçün İstanbul valisinin yazılı icazəsi olmalıdır. Amma telefonla bol-bol video və foto çəkilişlər edə bilərsiniz.

Yeri gəlmişkən, bəlkə də İstanbulda turistlərin ən çox şəkil çəkdirdiyi məkan elə Sultanəhməd meydanıdır. Ayasofya və Sultanəhməd məscidlərinin qarşısı şəkil çəkdirmək üçün ən gözəl yerlərdi…

"Zaman tuneli" ilə Ayasofya tarixini ziyarət

Sultanəhməd meydanında yerləşən Ayasofya Tarixi Muzeyinə gedirik.

Köhnə bir sənəd idarəsi binasında yerləşən bu rəqəmsal muzey iki aydır ki, istifadəyə verilib. Yeni muzey olmasına baxmayaraq, Topqapı Sarayı, Ayasofya Məscidi, Sultanəhməd Məscidi, Yerəbatan Sarnıcında olduğu kimi burada da turistlər bilet almaq üçün növbəyə durub.

Bizi muzeydə maraqlı bir ziyarət gözləyirdi. Əvvəlcə muzeyin işçiləri bizə qulaqlıqları təqdim edir. Rəqəmsal bələdçi bir çox dildə təqdim edilir. Azərbaycandan olduğumu bildikdə, mənə məlumat verildi ki, tezliklə Azərbaycan türkcəsində də rəqəmsal bələdçi mümkün olacaq. Odur ki, türkcəni seçib, qulaqlığı taxıb “zaman tuneli”nə daxil oluram. Burada bizi tarixin möhtəşəm qatlarında 1700 illik səyahət gözləyir...

Rəqəmsal muzey elə möhtəşəm qurulub ki, adam sanki Ayasofyanın tikilməsinin, onun dəfələrlə yandırılmasının, dağıdılmasının və yenidən qurulmasının canlı şahidi olur. Yəni sanki zaman tunelindən keçərək Roma, Bizans, Osmanlı dövrünü yaşayır və oradan müasir Türkiyəyə qayıdırsan. Əslində orada keçirilən hissləri sözlə anlatmaq çətindir. Bunu o muzeyə girərək yaşamaq gərəkdir. Əminliklə deyə bilərəm ki, Ayasofya Tarixi Muzeyi İstanbulda mütləq ziyarət edilməli yerlərdən biridir...

Yeri gəlmişkən, Ayasofya yenidən məscidə çevrildikdən sonra oradakı artefaktlar, əlyazmalar Ayasofya Tarixi Müzeyinə köçürülüb.

Dünyanı heyran edən Ayasofya və Sultanəhməd məscidləri

Ayasofya Tarixi Muzeyindən çıxdıqdan sonra üzbəüz yerləşən Sultanəhməd Məscidini ziyarət edirik. Məscidin həyəti və içərisi turistlərlə doludur. Burada dünyanın 4 bir tərəfindən gəlmiş turistləri görmək mümkündür. Hər kəs Osmanlı sultanının inşa etdirdiyi bu möhtəşəm memarlıq əsərini heyrətlə izləyir, şəkil və video çəkir, inanclı müsəlmanlar dua edirlər.

Yuxarıda qeyd etdiyim kimi, Tarixi Yarımadada mütləq görməli yerlərdən biri də tarixin ən böyük memarlıq layihələrindən biri olan Ayasofya Məscididir. Göz oxşayan mozaikaları ilə dəyər qazanan Ayasofya İstanbulun fəthindən sonra məscidə çevrildi. 1930-cu ildə bərpa edilərək muzeyə çevrilən Ayasofya 2020-ci ildə məscid olaraq yenidən ibadət üçün açılıb.

Ayasofya təkcə Türkiyə üçün deyil, həm də bəşər tarixi və dünya mədəni irsi üçün müqəddəs sayılan yerlərdən biridir. Odur ki, Ayasofya İstanbula gələn bütün turistlərin mütləq ziyarət etdiyi bir məkandır. Ayasofya məscid statusuna malik olduğundan, giriş pulsuzdur. Məscidə ibadət etmək üçün gələnlərlə turistik məqsədlə gələnlər bir-birindən ayrılıb. Bununla da məsciddə uzun növbələr yaranmır. 2024-cü ildə başlayan yeni tətbiq ilə turistlər namaz mühitini pozmadan məscidi ziyarət edə bilərlər. Ayasofyada QR kod tətbiqi ilə həyata keçirilən qulaqlıq sistemi ilə ziyarətçilər cib telefonlarının qulaqcıqları və ya alacaqları birdəfəlik qulaqlıqlar vasitəsilə dindarları narahat etmədən sakit bir mühitdə 23 dildə məlumat ala bilərlər.

Yeraltı Saray - meduzalar və tutulan diləklər

Tarixi Yarımadada yerləşən möhtəşəm qədim tikililərindən biri də Ayasofya Məscidinin yan tərəfindəki Yerəbatan Sarnıcıdır.

Ayasofya Tarix Muzeyində olduğu kimi bura da mənim ilk dəfə görəcəyim bir yer idi. Burada da çox sayda turist bilet alıb içəri keçmək üçün növbə gözləyirdi.

Nəhayət yeraltı saraya daxil oluruq. Əsrlər boyu su anbarı kimi istifadə olunan Yerəbatan Sarnıcı el arasında deyildiyi kimi də möhtəşəm sarayı xatırladır.

Qrup rəhbərimiz Berkan Taşan bizə məlumat verir ki, bu anbar 542-ci ildə İmperator I Yustinian dövründə tikilib.

6-cı əsrdə Şərqi Roma imperatoru Konstantinopolda su ehtiyaclarını ödəmək üçün böyük bir anbar tikdirib və saraya bənzər bu anbarda su toplanıb. Sarayın divarları kərpicdən hörülüb, buradakı 336 sütun isə Roma imperiyasının müxtəlif bölgələrindən gətirilən mərmərlərdən hazırlanıb. Bizanslılar şəhər mərkəzindəki əhalinin içməli suya ehtiyacını ödəmək üçün 25-30 kilometr məsafədən çaylardan kanallar vasitəsilə su çəkiblər və bu suyu içməli su kimi istifadə ediblər. Bu saray Osmanlı dövründə də istifadə olunub və Cümhuriyyət dövründə - 1987-ci ildən artıq muzeyə çevrilib.

Berkan Taşanın sözlərinə görə, İstanbulda Bizans dönəmindən qalma 200-dən çox su sarnıcı var. Amma bunların ən böyüyü Yerəbatan Sarnıcıdır ki, ona da xalq arasında Yerəbatan (yeraltı) Sarayı deyilir. Sarayda 2 milyon ton su saxlamaq imkanı var.

Yerin altındakı bu sarayda doğrudan da fərqli və gözəl bir atmosfer var. İçərisində az miqdarda su saxlanılan bu saraya çoxlu turist axını var.

Ziyarətçiləri burada heyran edən məqamlardan biri də iki sütunda olan meduza başlarıdır. Onlardan biri tərs, biri isə üfüqi olaraq yerləşdirilib. Sarayın içində hər tərəfdə suya atılmış qəpiklər görə bilərsiniz. Bu pulları dilək tutub atırlar. Elə mən də ənənəyə uyğun olaraq niyyət tutub meduza başlarından biri olan sütunun qarşısına qəpik atdım...

Türkə sevgi gətirən bir şəhər

Yeraltı saraydan çıxdıqdan sonra heyətimizlə görüşəcəyimiz yerdə dayanıb həm sarnıcdan, həm Ayasofya Məscidindən çıxan xarici turistləri izləyirəm. Onların üzlərində heyranlıq və məmnunluğu sezməmək mümkün deyil.

Mənə elə gəlir ki, onların İstanbulda gördükləri türk millətinə bir sevgi yaradır. Axı niyə də yaratmasın? Bu millət fəth etdiyi, ayaq basdığı yerlərdə nəyisə dağıtmayıb, əksinə onu qoruyub saxlamağı bacarıb. Elə Ayasofya kimi. Əgər bizanslıların din qardaşları Ayasofyanı tarixdə 3 dəfə yandırıb, dağıtmışdılarsa, 1453-cü ildə İstanbul Sultan Fateh Mehmet tərəfindən fəth edilərkən bu memarlıq əsəri dağıdılmadı, əksinə İslam şərtlərinə uyğunlaşdırılıb minarələr əlavə edildi, daha sonra Memar Sinan kimi bir memar tərəfindən dayaq divarları təmir edildi. Odur ki, indi Ayasofyanı ziyarət edənlər Türkün böyüklüyünü görür, ona sayğı göstərirlər.

Osmanlı sultanlarının yediyi yeməklərdən dadmaq istəyirsinizsə...

Tarixi Yarımadanı dolaşdıqda əgər acmısınızsa, o zaman ayaqüstü küçə ləzzətlərindən dadmaq olar. Burada səyyar arabalarda satılan qovrulmuş və qızardılmış şabalıd (kestane), simit, qarğıdalı turistlər tərəfindən çox sevilir. Əgər siz nahar və yam şam etmək istəyirsinizsə, Sultanəhməd meydanı ətrafındakı kafe və restoranlarda dadı damaqlarda qalacaq yeməklər yeyə bilərsiniz.

Elə biz də naharımızı Ayasofyanın yanında və Topqapı Sarayına bir neçə addımlıq məsafədə yerləşən “Deraliye” restoranında etdik. Nahar üçün buranı seçməyimiz təsadüfi deyil. Çünki burada Osmanlı sultanlarının sarayında təqdim edilən müxtəlif yeməklərin dadına baxmaq olar. Bir sözlə Osmanlı sultanlarının yediyi yeməklərdən, mürəbbələrdən, içdikləri şərbətlərdən dadmaq istəyənlər bu restorana gələ bilər.

Osmanlı saray yeməklərinin səbəbkarı isə restoranın sahibi, tanınmış aşpaz Necati Yılmazdır. O, 10 ildir ki, köhnə saray reseptlərini öyrənir, toplayır və bişirir. Onun yemək repertuarında Osmanlı dövrünə aid 425 müxtəlif kulinariya şah əsəri var.

Biz nahar edərkən Necati Yılmaz özü də restorana daxil olur. O, Qazaxıstandakı restoranının açılışından gəlirdi.

Necati bəyi görmüşkən, onunla həmsöhbət olmaq qərarına gəldik. Bildirdi ki, Osmanlı saray mətbəxindən təxminən 425 resept bilir. Və onların demək olar ki, hamısını böyük məmnuniyyətlə restoran menyularında qonaqlarına təqdim edir. Yemək dərsi mətbəxində qonaqlarla birlikdə ən nadir yeməkləri bişirir. Yəni restoranın qonaqları Osmanlı saray mətbəxinin dadına baxmaqla yanaşı, onun necə bişirilməsinin də şahidi olurlar.

O, elə bizim də şahidliyimizlə süd halvası hazırlamağa qərar verdi. Bunun üçün qazaxıstanlı jurnalist Mədinə Assıbeki özünə yardımçı seçdi. Necati Yılmaz bildirdi ki, süd halvası badam tozu, fıstıq tozu, bal və kərə yağı ilə bişirilir. Bu 1539-cu ildə Sultan Qanuni Süleymanın oğulları Cahangir və Bəyazitin sünnət toyunda menyuya daxil edilmiş xüsusi bir desertdir.

Hamımızın gözü qarşısında bişrilən süd halvası süfrəyə gəlir. Və deserti dadan hər kəs məmnun qalır.

Yeri gəlmişkən, Necati bəy Azərbaycanda bişirilən yeməklər barədə də məlumatlı idi. Dedi ki, ən çox quzu plovunu xoşlayır.

Qeyd edim ki, Necati Yılmazın yeməkləri sayəsində Deraliye Restoranı MICHELIN Guide İstanbul seçimində MICHELIN-in tövsiyə etdiyi restoranlar arasında olmağı bacarıb.

"Azərbaycan üçün canımızı fəda edərik" 

İstanbulda həmsöhbətimiz olduğumuz hər kəs danışığımızdan Azərbaycandan olduğumuzu bildikdə, “biz qardaşıq” deyərək hörmətlərini bildirirdilər.

İstanbulda taksi sürücüsü Mehmet Alas da azərbaycanlı jurnalist olduğumuzu görərək mikrofonlarımıza danışmaq istədi:

“Azərbaycanlılar bizim qardaşlarımızdır. Savaş olarkən biz Azərbaycana gəlmək istədik, amma bizimkilər icazə vermədilər. Azərbaycan üçün biz canımızı fəda edərik, onlar bizim qardaşlarımız, Ermənistan bizim düşmənimizdir. Ermənilər insan deyillər. Azərbaycanlı qardaşlarıma sayğılarımı, sevgilərimi çatdırıram”.

Bu arada onu da qeyd edim ki, İstanbulda uzaq məsafəyə gedəcəksinizsə, taksi elə də məsləhətli deyil. Çünki tıxac səbəbindən taksilər sizi ünvana gec çatdıracaq. Məsləhətlisi "İstanbul kart" alıb metro ilə hərəkət etməkdir. 

Dünyanın ən inanılmaz bazarı – Dolları burada dəyişin

İstanbulda dünyanın ən qədim və böyük qapalı bazarındayıq. Yerlilərin Qapalı Çarşı adlandırdığı bu bazar 1461-ci ildə Fateh Sultan Mehmetin zamanında inşa edilməyə başlayıb. Əsl böyük çarşı isə Qanuni Sultan Süleyman taxtda olarkən tikdirilib.

Sultanəhməd meydanına yaxın olan Qapalı Çarşı İstanbulun görülməsi lazım olan, bənzərsiz bir mərkəzidir. 30700 kvadratmetr ərazini və 64 küçədə 4000-ə yaxın mağazanı əhatə edən Qapalı Çarşı dünyanın ən böyük bazarıdır. Burada 20 mindən çox insan çalışır və gündəlik 300-500 min arası ziyarətçisi var. İstanbulda türk xalçaları və kilimləri, dünyaca məşhur İznik və Kütahya keramikaları, zərgərlik məmulatları və bu ölkədən türk metal məmulatları almaq üçün mükəmməl yerdir.

Əgər İstanbuldan qızıl, ləl-cəvahirat almaq istəyirsinizsə, bunları Qapalı Çarşıdan münasib qiymətə ala bilərsiniz. Vətənə dönərkən, kiməsə hədiyyə vermək istəyən varsa, bu bazarda gümüşdən, misdən, bürüncdən biri-birindən gözəl hədiyyəlik əşyalar tapa bilər.

Qapalı Çarşı doğrudan da dünyanın ən inanılmaz bazarıdır. Onu inanılmaz edən xüsusiyyətlərindən biri də müstəqil birjasıdır. Buradakı valyutadəyişmə məntəqləri şəhərin digər yerlərindən fərqli qiymətə valyuta mübadilə edir. Əgər siz İstanbula dollarla getmisinizsə və onu baha satmaq istəyirsinizsə, Qapalı Çarşıya gedin.

Orijinal ədviyyat və lokumların məkanı - Misir Çarşısı

İstanbulun qədim qapalı bazarlarından biri də Misir Çarşısıdır.

Ədviyyat (baharat) bazarı İstanbulun Eminönü səmtindəki Qalata körpüsünün yaxınlığındadır. İstanbulda kulinariya turu axtarırsınızsa, bura baş çəkməli yerdir! 17-ci əsrdə özünün ən çiçəklənmə çağında L-şəkilli, zəngin bəzəkli bu bazar İpək Yolu ilə Çin, Hindistan və Şərqdən gələn karvanların son dayanacağı olub.

Bazar ədviyyatlara və digər qida məhsullarına diqqət yetirir. Bu İstanbul bazarının görməli yerləri və qoxuları hər kəsi xəyallar diyarına aparır. Ədviyyat bazarı ticarət mərkəzi üçün tarixi və estetik baxımdan cəlbedicidir; çoxəsrlik tağlı tavanların altında gəzə, görməli yerləri seyr edə və ətirlərin dolaşıqlığında nəfəs ala bilərsiniz.

Bitki həkimləri ilə məşhur olan bu bazarda köhnə ənənəyə uyğun təbii dərmanlar, ədviyyatlar, çiçək toxumları, nadir bitki kökləri və qabıqları kimi məhsullarla yanaşı, qurudulmuş qoz-fındıq, delikates məhsulları və müxtəlif ərzaq məhsulları satılır.

İstanbul səyahətindən Vətənə qayıdanlar Misir çarşısındakı orijinal ədviyyatlardan, lokum və digər şirniyyatlardan ala bilər.

İstanbul səfərimizin ikinci gününü gecə Boğazın mirvarisi olan Kuruçeşmədəki “Oligark” restoranında şam yeməyi ilə bitirdik. Dəniz mənzərəli bu restoran tək mətbəxi ilə deyil, yaratdığı məkanlar və konseptləri ilə də heyran edir.

Hər addımda məşhurları görəcəyiniz məhəllə - Nişantaşı

Səfərimizin üçüncü günü İstanbulun Avropa tərəfindəki Şişli rayonunda yerləşən Nişantaşı məhəlləsində olduq.

Alış-veriş cənnəti olan ərazi dünyaca məşhur dəbdəbəli brendlərin filial və mağazalarına, kafelərə və əyləncə məkanlarına ev sahibliyi etməklə tanınır.

Qrup rəhbərimiz Berkan Taşan deyir ki, bu məhəllədə zənginlər, Türkiyənin məşhur aktyorları və müğənniləri yaşayır.

Yaşayış sahəsi məşhur beynəlxalq və yerli brendləri satan çoxsaylı butikləri və möhtəşəm vitrinləri olan lüks geyim mağazaları ilə İstanbulun dəbli və sənətkar kütləsini cəlb edir. Bu, açıq havada alış-veriş etmək üçün əla yerdir və cazibədar kafelər və dəbdəbəli restoranlar üçün mükəmməl yerdir. Türk və dünya mətbəxinin təamlarını təqdim edən ən məşhur yeməkxanalar üçün Abdi İpekçi küçəsinə gedin. Burada bir çox məşhurları görsəniz, təəccüblənməyin!

Nişantaşı həm də gecə klubları, barlar, beynəlxalq və türk rəssamların əsərlərini sərgilədiyi sənət qalereyaları kimi əyləncə məkanları ilə məşhurdur. Nişantaşı bir çox insanın keyfiyyətli vaxt keçirməsi üçün məşhur bir yerdir.

Məhəllənin adı Osmanlı sultanlarının ox təliminə çıxdığı yerlə bağlıdır. Vaxtilə Osmanlı sultanı III. Səlim böyük dəstələrlə bu yerdə nişan təliminə çıxırmış. Sultan Əbdülməcid 1853-54-cü illərdə Təşvikiyə məscidini təmir etməklə kifayətlənməyib, burada məhəllə qurmaq istəyini də iki abidə daşı üzərində həkk olunmuş yazı ilə sənədləşdirib. Teşvikiye küçəsindəki Harbiye Polis Bölməsinin yanındakı kiçik boşluqda, digəri Teşvikiye ilə kəsişməsində olan daşların üzərindədir.

Moda dizayneri “Mehtap Elaidi” ilə tanışlıq

Nişantaşı məhəlləsinə gəlmişkən türk moda dizayneri Mehtap Elaydinin sərgi salonu ilə tanış olduq.

Onun qadın üçün geyimləri elə öz adı ilə - “Mehtap Elaidi” markası ilə tanınır və 15 ölkədə satılır. İstanbulun Nişantaşı, Galatapot kimi yerlərində satış mağazaları var. “Mehtap Elaidi” geyimləri fərqli dizaynı və parçası ilə qadınları özünə cəlb edir. 18 ildir moda sahəsində çalışdığını deyən Mehtap xanım bu işdən zövq aldığını, türk markasını başqa ölkələrdə də tanıtdığı üçün xoşbəxt olduğunu deyir.

Məşhur türk dizaynerinin zərgərlik butiki

Nişantaşındakı yerli dizaynerlərdən biri də Begüm Handır.

“Begüm Khan” markalı qol düymələri ilə gündəmə gələn Begüm Kıroğlu daha sonralar zərgərlik məmulatları hazırlamağa başlayıb.

Onun hekayəsi qardaşına toy üçün bir cüt qol düyməsi hədiyyə etmək istəyəndə başlayıb. Bəyəndiyi qol düyməsi tapa bilmədiyi üçün özü dizayn etmək qərarına gəlib. Sonralar sırf özü üçün zinət əşyaları dizayn edirmiş. Dizaynlar bəyəniləndə və ətrafındakılardan çox təkid alanda “Begüm Khan” brendinin təməli qoyulub. İndi onun brendi Dubay, Küveyt, Seul, Sinqapur, Mayami, Honq-Konq, İstanbul və Şanxayda çox əhəmiyyətli nöqtələrdə satılır.

Galataport - Bosfor boğazındakı cazibədar məkan

İstanbulun ən görməli, gəzməli yerlərindən biri də Galataportdur. Şəhərin mərkəzində yerləşən Galataport İstanbul, Bosfor Boğazında 1,2 kilometr sahil xəttini əhatə edir.

Dəniz mənzərəli restoranları, muzey və mağazaları olan Galataport İstanbul çox cazibədardır.

Boğaz sahilinin yeni simvolu olan Galataport İstanbul sayəsində müasir səyahətçilər təkcə Ayasofya Məscidini və ya Sultanəhmədi görməyə deyil, həm də qastronomiya, mədəniyyət, incəsənət, dizayn, yeni nəsil alış-verişə həsr olunmuş yeni məhəlləni yaşamağa gəlirlər.

Galataport İstanbulda türk və dünya mətbəxlərindən geniş seçim təklif edən çoxsaylı yerli və beynəlxalq brendlər var.

Bir sözlə Galataport limanına gələrək burada həm bulvarda gəzərək Bosfor Boğazında gəmiləri, şəhər mənzərəsini seyr edə, həm kafe və restoranlarda yeyib-içə, məşhur markaların mağazalarında alış-veriş edə və muzeylərlə tanış ola bilərsiniz.

Atatürk Kültür Mərkəzində insanın ruhunu dincəldən simfonik musiqi

Səfər proqramımızın sonunda Atatürk Kültür Mərkəzi (AKM) ilə tanış olduq.  

Türkiyənin ən böyük sənət mərkəzi və İstanbulun ən çox ziyarət edilən yerlərindən biri olan AKM Taksimdə bir çox gözəl sənətçiləri qəbul edir və proqramları ilə həyəcanlandıran tamaşalar təqdim edir.

AKM Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2,5 il ərzində tamamilə yenidən qurulub. Burada hər həftənin cümə günü saat 20:00-da İstanbul Dövlət Simfonik Orkestrinin klassik musiqi konserti keçirilir.

Beləliklə, bu möhtəşəm Mərkəzdə Azərbaycan, Qazaxıstan və Özbəkistan jurnalistləri olaraq bizə də simfonik musiqi dinləmək qismət oldu...

Bol-bol əylənəcəyiniz məkan - Taksim

Artıq gecədir. Sabah tezdən Bakıya qayıtmalıyıq. Odur ki, Taksim meydanını, İstiqlal caddesini gəzməyə qərar verdik. Bu küçə demək olar ki, həm yerli əhali, həm turistlərlə doludur. “İstqilal”da alış-veriş etmək üçün saysız-hesabsız mağazalar var. Demək olar ki, yerli markaların bir çoxunu burada görmək mümkündür. Ara küçələrdəki kafe-restoranlar, barlar, gecə klubları insanlarla dolub-daşır. Bir sözlə İstiqlal caddesi bol-bol alış-veriş əyləncəsi və restoranlarda, kafelərdə, gecə klublarında musiqili əyləncə tapa biləcəyiniz unikal məkandır.

İstanbulun gecəsi də, gündüzü də bambaşqadır. İstanbul bir məcaradır. İstanbul bir sehrdir. Və İstanbulu tanıdıqca ona sıx bağlanır, qopa bilmirsən...

Aqil ASLAN

Bakı-İstanbul-Bakı

22222222222222222222222222