Bakının cənub girişində ekoloji problem - FOTO

 19:52 15.03.2024     2802

Məlum olduğu kimi, bu ilin noyabrında Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.

COP29 iqlim dəyişiklikləri və onun nəticələrinə həsr olunan, ekoloji mahiyyət daşıyan bir tədbirdir. Belə bir tədbirin keçirilməsi dünyada ekoloji vəziyyətlə bağlı yaranmış həssas vəziyyətlə bağlıdır. Müasir dünyamızda torpaq örtüyü və su hövzələrinin çirklənməsi, havanın zəhərlənməsi, yaşıllıqların məhvi sağlam yaşam şərtlərinin kəskin pisləşməsinə səbəb olub. Belə olan halda bəşəriyyətin mövcud durumu birlikdə müzakirə etməsi, bu vəziyyətdən birlikdə çıxış yolları axtarmasına ehtiyac var.

Azərbaycan da dünyanın bir parçası olduğundan, ölkəmizdə də müəyyən ekoloji problemlər qaçılmazdır. Amma bu problemlərin həll yolları da mövcuddur. Ölkəmizin paytaxtı Bakı şəhərində bir sıra yerlərdə qurudan neft çıxarıldığına görə, bu ərazilərdə torpaq örtüyünün çirklənməsi baş verib. Belə bir yerlərdən biri də Səbail rayonunda Su İdmanı Sarayı ilə Bibiheybət məscidi arasındakı ərazidir. Burada çox sayda neft buruqları var. Bunların bir qismi hazırda işlək vəziyyətdə olsa da, çox sayda quyular bağlanıb. Eyni zamanda bu ərazidə dəniz sahilinin kənarında neft gölməçəsi var ki, küləkli havada və kəskin istilərdə həmin gölməçədən, həmçinin neftlə çirklənmiş torpaqdan qalxan kəskin qoxu yaxınlıqdakı ərazilərdə yaşayan insanları narahat edir. Burada radiasiyanın çox olduğu da deyilir.

Qeyd edək ki, qeyd olunan ərazidə - Yeni Salyan yolu küçəsi boyunca vaxtilə çox sayda ağac əkilməsinə baxmayaraq, həmin ağaclar çirkli torpağa əklidiyi üçün bitmədi. Bu ağacları həmin yoldan keçən hər kəs görə bilər.

Bəs, qeyd etdiyimiz ərazidə yaşıllaşdırma prosesi başa tuta bilərmi? Həmçinin neft gölməçənin qurudulması mümkündürmü?

Mövzu ilə bağlı Redaktor.az-a danışan AMEA-nın Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ənvər Əliyev söylədi ki, həmin ərazilərdə vaxtilə yaşıllaşma işləri aparılmışdı və bu ərazidə neft çıxaran və çıxarmayan quyuların mövcudluğu problemlər yaradır:

"Əsas problem odur ki, bildiyiniz kimi, dərin quyulardan çıxarılan neftin tullantıları müəyyən qədər radioaktivliyi özündə saxlayırlar. Ümumiyyətlə, Bakı şəhərinin fonu radiaktiv baxımdan yüksəkdir. Oradakı ərazilərin torpaqları tullantılarla zəngin olduğuna görə, təmizlənməmiş, əlavə torpaq verilməmiş ağac əkildiyinə görə, böyüməmişdi. Aydın məsələdir ki, torpaq qatında külli miqdarda neft olduğuna görə, burada ağacların bitmə xüsusiyyəti şübhə altında oldu və nəticəsi də aydın oldu ki, burada ağaclar əmələ gəlmir. Bura xüsusi qulluq lazımdır, torpaq verilməlidir. Buradakı narahatçılığının ən böyük səbəblərindən biri də odur ki, köhnə quyularının ətrafındakı olan çirklənmələr, digər üfunət iyləri buradakı yaşayan əhaliyə müəyyən problemlər yaradır. Olmazmı görəsən, həmin ərazilərdə rekultativ işlər görülsün, torpaq qatı təmizlənsin və yaxud əlavə torpaq gətirilsin və həmin ərazidəki əhalinin normal istirahəti üçün şərait yaradılsın? Bu ərazilərdəki adı çəkilən yaşıllıqlara ciddi diqqət olsa, ağaclar əmələ gələcək. İstərdik ki, şəhərimizin girəcəyində olan bu ərazilərin yaşıllığı bərpa olunsun".

Ə.Əliyev vurğuladı ki, ərazidəki neft gölməçəsinin qidalandığı yer varsa, bu pis bir şeydir:

"Əgər onun qidalanma yeri varsa, onunla məşğul olmaq lazımdır ki, o qidalanma yeri kəsilsin. Sonradan həmin yeri təmizləyib, torpaq verməklə, o neft qatı təmizlənəcək və ağacların əkilməsinə maneçilik yaranmayacaq. O quyunun ətrafı neftdən təmizlənməsə, nə qədər torpaq verilsə də, o torpağı da korlayacaq. Torpaq verildikdən sonra, yaşıllaşma olduqdan sonra şəhərin ən gözəl, ən füsunkar yerlərindən birinə çeviriləcək. Biz istəyirik ki, paytaxtımız daha gözəl və daha təmtəraqlı görünsün. Bir müddət əvvəl də belə bir açıqlama var idi ki, o hissələrə qədər bulvar uzadıla bilər. Hər halda belə bir imkan olsa, daha yaxşı olar. Rəsmi qaydada olsa, dövlət ora daha çox diqqət yetirəcək və bulvarın genişlənməsi daha yaxşı olardı. Çünki Bakı şəhər əhalisi normativdən qat-qat çoxdur, bu əhalinin normal istirahəti, onların əyləncə yeri üçün yaşıllıqların artırılması vacib şərtlərdən biridir. Yaxşı olardı ki, o ərazi də bulvara qatılsın və bulvarımız həm genişlənsin, həm də əhalimizin istirahəti üçün imkanlarımız genişləndirilsin".

Qeyd edək ki, sözügedən ərazi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) balansında olduğu üçün məsələyə həmin qurumun da münasibətini öyrənmək istədik. Lakin həftə ərzində SOCAR-ın mətbuat katibi Orxan Hüseynov nə telefon zənglərimizə cavab verdi, nə votsapdan yazdığımız sualı cavablandırdı. Eyni zamanda qurumun rəsmi e-mail ünvanına göndərdiyimiz sorğu da bu günə kimi cavabsız qalıb. 

Ümid edək ki, SOCAR rəhbərliyi ən azından bu il ölkəmizdə keçiriləcək COP29 tədbirini nəzərə alaraq, qeyd etdiyimiz ərazinin (bura həmçinin Bakının cənub girişidir) yaşıllaşdırılması, həmçinin neft gölməçəsinin quruldulması üçün real addımlar atacaq.

Humay İSGƏNDƏRLİ 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.

222222222