Ramazan ayında toy etmək olar? - CAVABI

 10:25 06.05.2019     1430
Azərbaycanda əksər insan Ramazan ayı başa çatanadək toy mərasimi keçirmir.
 
Ramazan boyunca toy məclislərinin dayandırılması lap çoxdanın ənənəsidir. Lakin yazılmamış bu qaydaya əməl etməyən,el şənliklərini məqbul sayan insanlar da var. Hətta bu hal, bəzi bölgələrimizdə kütləvidir. 
 
Maraqlıdır, doğrudanmı ramazan ayında toy etmək olmaz və ya günah sayılır?
 
İlahiyyatçı Hacı Surxay Məmmədli Redaktor.az-a açıqlamasında bildirib ki, Ramazan ayında müəyyən şərtlər daxilində toy etmək olar:
 
"Ramazan ayında toy etmək mümkündür. Bir şərtlə, qonaqlar toya iftar vaxtına dəvət edilsin. Ölkəmizdə toy mərasimləri adətən saat 5-6 radələrində başlayır. Ramazan ayında toy bu saatlarda başlasa, qonaqların süfrədə olan yeməklərdən yeməsi toy sahibinə günah qazandırar. Digər şərt isə süfrədə yanlız halal nemətlərin olmasıdır. Bu baxımdan toy mərasimində spirtli içkilərin olması məqsədəuyğun deyil".
 
Ramazan ayında toy edilməməsi adəti ilə bağlı ilahiyyatçı vurğulayıb ki, bu adət insanların seçiminə əsasən formalaşıb:
 
"Ramazanda bəzi xüsusi əlamətdar günlər var. Misal üçün, Qədr gecələri bu günlərdən sayılır. Əlamətdar günləri çıxmaq şərtiylə, bu ayda toy mərasiminin keçirilməsində heç bir qəbahət yoxdur".
 
Qeyd edək ki, bu gündən etibarən müqəddəs Ramazan ayı başlayıb.
 
Gülşən Şərif / Redaktor.az