Azərbaycanda daha iki Əmlak Xidmətləri Məkanı açılacaq

 11:19 25.04.2019     597

Əmlak Məsələləri Dövlət Komitəsi mütərəqqi idarəetmə metodlarının, informasiya texnologiyalarının tətbiqi ilə göstərilən xidmətlərə olan əlçatanlığı artırır. Komitənin bütün xidmətləri vahid məkanda icra olunur. Belə ki, ilin əvvəlində istifadəyə verilən Əmlak Xidmətləri Məkanı (ƏXM) yeni idarəetmə üsulu ilə xidmətləri vətəndaşlara daha səmərəli, çevik və şəffaf formada çatdırır.

Dövlət Komitəsindən Redaktor.az-a verilən məlumata görə, artıq Gəncə və Xaçmazda da Məkanın açılması nəzərdə tutulur.

Komitədən bildirib ki, qısa müddətdir istifadəyə verilməsinə baxmayaraq ümumilikdə 50 mindən çox vətəndaş müraciəti, 62 mindən çox xidmət sayı qeydə alınıb. Müraciətlər daşınmaz əmlakın qeydiyyatı, özəlləşmə, kadastr, torpaq istifadəçiliyi və digər sahələr ilə bağlı olub.

Dövlət əmlaklarının özəlləşməsi üzrə keçirilən hərraclar Məkanda təşkil olunur. Burada 100 nəfərin hərracı izləmək imkanı var. Həmçinin hərracı onlayn olaraq internet vasitəsilə canlı izləmək də mümkündür. Məkanda indiyədək 10-dan çox hərrac keçirilib.

ƏXM-da ümumilikdə Komitənin fəaliyyət sahələrinə uyğun 46 xidmət təqdim edilir. Bununla yanaşı, burada notarius, bank, memarlıq və layihələndirmə işləri, əmlakın sığortalanması və poçt xidməti də həyata keçirilir. Müraciətlərə həssaslıqla yanaşılır, 100-ə yaxın işçi tərəfindən xidmətlər təmkinlə vətəndaşlara göstərilir.

Ən çox müraciət daşınmaz əmlakın qeydiyyatı ilə bağlı olub. Əmlaklara dair çıxarış almaq istəyən vətəndaşlara mülkiyyət sənədi elektron şəkildə verilir. Belə ki, elektron çıxarışlar Elektron Hökumət portalına yerləşdirilir. Hüquq sahibinin çıxarışı həmin portal vasitəsilə real vaxt rejimində əldə etməsi imkanı yaradılır. Daha sonra həmin çıxarış vətəndaşın “Elektron hökumət” portalındakı şəxsi kabinetinə yerləşdirilir. Şəxsi kabineti olmadıqda isə bazada saxlanılan çıxarış sonradan şəxsi kabinet yaradıldıqdan sonra avtomatik olaraq ora transfer olur.

Mülkiyyət sənədi haqqında məlumatlar şəxsin telefon nömrəsinə, poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən bildirişlərdə çıxarışın reyestr və qeydiyyat nömrəsi, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilir. Vətəndaş komitənin “Elektron çıxarışını yoxla” xidmətinə daxil olaraq çıxarışın qeydiyyat və reyestr nömrələrini qeyd etməklə sənədin düzgünlüyünü yoxlamaq imkanına malikdir. Bunun üçün isə istifadəçilərdən nə elektron imza, nə də ödəniş tələb olunur.