Keramika, zirkon, yoxsa vinir? - Stomatoloq XƏBƏRDARLIQ ETDİ

 16:02 16.11.2023     5189

Diş və damaq problemləri həyat keyfiyyətini aşağı salan xəstəliklər sırasındadır. Bu problemlərin nəticəsi orqanizmdə müxtəlif xəstəliklərə yol aça bilər. Bunun üçün ağız gigiyenasına ayrıca diqqət göstərməyimiz lazımdır. Son dövrlər isə diş problemləri artmaqdadır. Bunun yediyimiz qidalalardanmı, yoxsa dişlərə düzgün qulluq edib-etmədiyimizdən irəli gəldiyi isə çoxumuza aydın deyil.

Bizi narahat edən suallarla bağlı həkim-stomotoloq Məlik Hacıyev Redaktor.az-a danışdı.

- Əvvəlki illərə baxanda hazırda diş problemləri ilə bağlı müraciətlər çoxalıb?

- Bəli, çoxalıb. Daha çox erkən dişini itirməklə bağlıdır. Vaxtı ikən dişlərinin qədrini bilməyiblər, həkimin müalicə tövsiyələrinə əməl etməyiblər, “Həkim, bunu çəkin" deyiblər, həkim də çarəsiz çəkib, yeri boş qalıb. Bu tip hallara çox rast gəlinir. Amma indiki stomatologiya maksimum dərəcədə dişi çəkmək deyil, müalicə etmək tərəfindarıdır. Başqa narahatlıqlar, məsələn xəstələr gəlir deyir ki, “Həkim, dişlərimin forması xoşuma gəlmir, ağardıram ağarmır, nə edə bilərəm?” Bunun üçün vinir dişlər var. Misal üçün, bəzən müraciət edən xəstələrin kompozit vinirlər olan ön dişləri bir müddətdən sonra saralır. Rəng götürmək barəsində çox zəif olduğuna görə, qopmağa görə xəstələrə məsləhət görmürəm. Daha çox keramika vinir tövsiyə edirəm. Zirkon vinirlərdən uzaq dursunlar. Zirkon qapaq olsa, problem deyil, amma zirkon vinir məsləhət deyil, qopacaq. Yəni qarışıq problemlərlə bağlı müraciətlər var. Vaxtı-vaxtında stomatoloq yanına gəlib müayinədən keçmək lazımdır ki, hansısa kliniki situasiya yarananda vaxtında aradan qaldıraq. Elə proseslər var, gizli keçir, xəstəni narahat etmir. Xəstə onu görmür və hiss etmir və bu, dişi itirməklə belə nəticələnə bilir.

- Metal keramika, zirkon və vinir nədir?  

- Metal keramika bildiyimiz dədə-baba metal keramikadır. Zirkon eyni karkazdır, sadəcə olaraq ağ rəngdə materialdır ki, gün şüasını keçirdiyi üçün dişdə qaraltı vermir. Damaq hissələrdə qaraltı olmur. Daha estetikdir. Bunların hər ikisi dağınıq dişlərdə yaxşıdır. Dişlə dişin arasında olan boşluqların, yəni çəkilmiş dişlərin yerini əvəz etmək üçün hər ikisi idealdır. 

Amma diş çox dağınıqdısa və yaxud da çəkilmiş diş varsa, onu vinirlə bərpa etmək olmur. Əgər dişlər hamısı yerindədir, amma estetik forması yaxşı deyil, hardasa bir plomb var, rəng verir, estetik görunmür, əyrilik var, dişdə çat varsa, plombla düzəlməsi mümkün deyilsə, onda vinirə üstünlük veririk.  Düzgün şəkildə hazır olunan vinir ömürlük gedir. Sadəcə olaraq dediyim kimi, zirkon vinirlər də təklif olunur. Zirkondan təklif olunan vinir qiymət baxımından keramik vinirdən ucuz olsa da,  fiziki və kimyəvi birləşməsi olur. Keramikada bu birləşmə o qədər güclüdür ki, viniri ordan qopartmaq qeyri-mümkündür. Onu ancaq yonub çıxartmaq olar. Bəzi hallarda dişlərin yonulmasına belə ehtiyac olmur. Orda müəyyən nüanslar var. Misal üçün iki dişi bağlamaq istəyiriksə, dişləri yonmadan vinir düzəltmək olur.

Xəstələr nə istədiklərini özləri üçün müəyyən etməlidir. Vinirdirsə, hansı vinir yaxşıdır? Məsələn kompozit vinir, zirkon vinir yaxşı deyil. Olar, amma məsləhət deyil. Ən yaxşısı keramik vinirdir. Keramik vinir də iki cür olur: e-max, yəni disilikat liti və polivit keramika. E-max press keramikaya aiddir. Yəni şüşə ilə keramikanın qarışığıdır. Polivitdə isə üzərinə qat-qat masta vurulur və sobaya verilir. Polivitdə istənilən rəngi almaq olur. Sadəcə olaraq sərtlik baxımından isə disilikat lit daha sərtdir və arxa dişlər üçün idealdır.

- İmplantla bağlı müraciətlər necədir?

- İmplantla bağlı müraciətlər var, amma azdır. Xəstələr implantdan qorxur. Düzdür, implant qorxulu bir şey deyil. Yəni diş çəkdirmək kimi bir cərrahiyyə yolu ilə başa gələn prosedurdur. Sadəcə olaraq xəstələrin şüuraltı olaraq qorxusu var.

- Stomatologiyada başqa hansı yeniliklər var?

- Stomatologiyada yeniliklər var. Misal üçün, yeniliklərdən biri odur ki, əvvəl implant titandan olurdusa, indi artıq zirkondan da hazırlanır. İnsan orqanizminin onu qəbul etməsinə görə daha yaxşıdır. Düzü, bizdə satışda olub-olmadığını bilmirəm.

- Stomatoloji xidmətləri sığorta qarşılaya bilirmi?

- Stomatoloji xidmətləri sığorta qarşılaya bilir. Amma hamısı deyil. Misal üçün diş daşları, diş ərpinin təmizlənməsi, plomb kimi prosedurları qarşılayır.  Amma implantı sığorta qarşılaya bilmir. Qarşılasa da, bir qismini qarşılaya bilər. Və yaxud da zirkon, vinir kimi prosedurlar stomatoloji yeniliklərə aiddir deyə, qarşılanmır.

- Bəs, hansı qidalar dişlərin tez çürüməsinə səbəb olur?

- Daha çox şirniyyatlar dişləri çürüməyə məruz qoyur. Bir də ət qidaları. Axşam saatlarında ət yeyilir, dişin arasında səhərə kimi qalır, yuyulmursa, bu, bakteriyaların artmasına səbəb olur. Bakteriyalar artır, daha sonra orada qidalanır və bakteriyanın ixrac etdiyi kislata diş minasını zədələyir.

- Dişləri qorumaq üçün nə etmək lazımdır?

- Dişləri qorumaq üçün gündə iki dəfə dişləri yumaq lazımdır. Diş sapından istifadə etmək lazımdır. Ağız yaxalayıcılar var. Misal üçün, xəstədə damaq problemi varsa, ağız yaxalıyıcısı istifadə olunmalıdır. Düzgün diş məcunu seçimi və düzgün diş fırçası seçimi çox önəmlidir. Dediyim kimi, ildə heç olmasa bir dəfə müayinədən keçsinlər.

Həmidə İBRAHİMLİ