Ali Məhkəmə hüquqşünaslara müraciət ETDİ

 14:16 02.05.2024     179

İyunun 21-də Ali Məhkəmənin yanında Elmi-məsləhət şurasının növbəti iclası keçirilməsi planlaşdırılır. İclasda “Əsassız varlanma: mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi” mövzusu üzrə müzakirələrin təşkili nəzərdə tutulub.

Ali Məhkəmənin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, müzakirənin məqsədi məhkəmələr tərəfindən işlərə baxılarkən əsassız varlanmaya aid hüquq normalarının tətbiqindəki mövcud çətinliklərin və fərqli yanaşmaların aradan qaldırılması məqsədi ilə əsassız varlanmaya aid hüquq normalarının tətbiqində vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin edilməsindən ibarətdir.

Mövzu üzrə müzakirəyə təqdim edilən suallar Ali Məhkəmənin rəsmi saytında yerləşdirilib.

Müzakirə ediləcək mövzunun əhəmiyyəti nəzərə alınaraq, bu sahələr üzrə ixtisaslaşmış hüquqşünas ekspertlərin ad-hoc üzv kimi Elmi-məsləhət şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka dəvət edilir.

Həmin mövzulara dair elmi müzakirələrdə iştirak etmək istəyən hüquqşünas ekspertlərin iyunun 1-dək [email protected] elektron ünvanına mövzu üzrə müzakirəyə çıxarılan suallara dair yazılı mülahizələrini və CV-lərini təqdim etmək təklif olunur.

Elmi-məsləhət şurası tərəfindən seçiləcək ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət ediləcəklər.