Azərbaycanın mədəniyyət naziri Şri-Lankaya səfərə dəvət olundu

 20:40 03.05.2024     416

Şri-Lankanın buddhasasana, din və mədəniyyət işləri naziri Vidura Viçramanayake Bakıda keçirilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşüb və onu Şri-Lankaya rəsmi səfərə dəvət edib.

Bu barədə Redaktor.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, V.Viçramanayake Forumun yüksək səviyyədə təşkilinə və nümayəndə heyətlərinə göstərilən qonaqpərvərliyə görə Adil Kərimliyə təşəkkürünü bildirib:

"Söhbət zamanı mədəni irsin qorunması sahəsində əməkdaşlıqla bağlı müzakirə aparılıb. Ölkəsinin mədəni irsin qorunması ilə bağlı zəngin ənənələrə malik olduğunu deyən Şri-Lanka naziri bu sahə üzrə təcrübələrini Azərbaycanla bölüşə biləcəklərini diqqətə çatdırıb. Vidura Viçramanayake Azərbaycanın mədəniyyət nazirini Şri-Lankaya rəsmi səfərə dəvət edib".

Azərbaycan mədəniyyət naziri Adil Kərimlinin isə öz növbəsində Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələrdən bəhs etdiyi, bu il altıncı dəfə gerçəkləşən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğuladığı diqqətə çatdırılıb:

"Nazir həmçinin bu il ölkəmizin daha bir qlobal əhəmiyyətli tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Bunun beynəlxalq birliyin Azərbaycanın ətraf mühit və iqlim dəyişikliyi məsələlərinə göstərdiyi həssas münasibətinə verilən qiymət olduğunu deyib".