"Ölkədə ən çox araq istehsalında vergidən yayınma hallarına rast gəlinir”  - Komitə sədri

 10:55 01.05.2024     264

“Siqaret istehsalı sahəsində fəaliyyət göstərmək istəyən subyektlərin dövlət qeydiyyatına alınması zamanı avadanlıqlara dair 34 milyon manat vəsaitinin olması deputatlarımızı maraqlandıran məsələ idi. Bu, İqtisadiyyat Nazirliyi tərəfindən əsaslandırılıb. Müəyyən xarici ölkələrin təcrübəsi nəzərə alınıb”.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev kimotənin iclasında deyib.

O qeyd edib ki, bu maddənin qanuna əlavə edilməsi məqsədəuyğun hesab edilir: “Tütün və tütün məmulatları nə qədər qiymətli məhsul olsa da, insan orqanizminə ziyandır, onların keyfiyyətli istehsalı çox vacibdir. Keyfiyyətli məhsul istehsal etmək üçün müasir texnologiya, avadanlıqlar lazımdır. Bir sistemin quraşdırılmasının məbləğinin 10 milyon dollar müəyyənləşdirilməsi qanunauyğun haldır. Belə fikirlər var ki, bunun məbləği niyə 3-5 milyon olmur? Bu məbləğli avadanlıqlarla yüksək keyfiyyətli məhsul istehsal etmək mümkün deyil”.

Komitə sədri vurğulayıb ki, arağın illik minimum həcminin 100 min dekolitr müəyyən olunması da əsaslandırılıb: “Belə ki, birdən-birə 100 min dekolitr araq istehsal etmək gücünə malik müəssisələr yoxdur. Bu gün ölkədə alkoqollu içki istehsalı ilə məşğul olan 132 vergi ödəyicisi var. Araq istehsalı ilə məşğul olan 98 vergi ödəyicisindən yalnız 8-nin istehsal gücü o tələbi ödəyir. 75 faizi bu qədər araq istehsal edə bilmir. İqtisadiyyat Nazirliyindən aldığım məlumata görə, alkoqollu içki istehsalı üzrə ən çox vergidən yayınma hallarına, kölgə iqtisadiyyatına araq istehsalında rast gəlinir”.