Sosial Tədqiqatlar Mərkəzi ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında əməkdaşlıq memorandumu imzalandı

 11:23 03.05.2024     181

Türkiyənin nüfuzlu beyin mərkəzlərindən olan “Divan Araştırma ve Eğitim Derneği”nin nümayəndə heyəti STM rəhbərliyi ilə görüşüb.

Redaktor.az xəbər verir ki, görüş zamanı STM sədri Zahid Oruc qonaqlara Mərkəzin fəaliyyəti, keçirdiyi sorğular, araşdırmalar barədə məlumat verib.

Bildirib ki ki, bu günə qədər də Türkiyənin beyin mərkəzləriylə görüşlər keçirilib, əməkdaşlıqlar müzakirə olunub. O, vurğulayıb ki,  birgə fəaliyyət göstəriləcək bir çox istiqamətlər var.

Mərkəz rəhbəri qeyd etdi ki, fikir və düşüncə sistemimizi özümüz inşa etməliyik. Bu baxımdan aparılan araşdırmaların, yazılan məqalələrin Türkiyə mediasında da dərc olunmasında fayda var və bu halda türk, türk dünyasına aid məsələləri gündəmdə saxlamaq mümkündür.

Zahid Oruc Vətən Müharibəsində qələbəmizin önəmindən də söz açıb. Deyib ki,  qələbənin qorunması daha çox güc tələb edir və bu baxımdan əməkdaşlığa, birgə çalışmalara gərək var. Bildirdi ki, iki qardaş dövlətin informasiya və siyasi məkanlarının birləşdirilməsinə, düşüncə, fikir adamlarının daha çox tanıdılmasına ehtiyac var.

Görüşdə qurumun təmsilçisi, başqan vəkili Nevzat Kocasaraç Mərkəzin işləri, tədbirləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, Mərkəz 20 ildir fəaliyyət göstərir və daha çox insan reusurslarının formalaşdırılmasına üstünlük verirlər. Eyni zamanda, insan hüquqlarıyla bağlı da ortaq çalışmaların reallaşdırıla biləcəyini söylədi. Beyin mərkəzlərinin önəmini qeyd edən qonaq əməkdaşlıqları artırmağın faydasını qabartdı.

Görüşdə bildirildi ki, iki dövlətin əlaqələrinin ən yüksək mərhələdə olduğu bir zamanda iki Mərkəzin əməkdaşlığı önəmli işlərə vəsilə ola bilər.
Mərkəz rəhbərləri razılığa gəlib ki, araşdırma hesabatlarının hazırlanmasında, spesifik fəaliyyət sahələrində, durum analizlərinin hazırlanmasında, ortaq məsələlərə dair sosioloji çalışmalarda əməkdaşlıq edilsin.

Sonda “Divan Araşdırma Mərkəzi ilə ”Sosial Tədqiqatlar Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Redaktor.az

222