Elxan Şahinoğlu deputatlığa namizədliyini irəli sürəcək

 21:58 03.05.2024     197

Xəbər verdiyimiz kimi, ötən gün Mərkəzi Seçki Komissiyasının (MSK) sdəri Məzahir Pənahov yaxın aylarda ölkəmizdə yeni parlament seçkilərinin keçiriləcəyini bəyan edib. Onun sözlərinə görə, Konstitusiyaya əsasən noyabrda keçirilməli olan seçkilər bir qədər önə çəkilə bilər. 

Milli Məclisin deputatı Fəzail Ağamalı saytımıza açıqlamasında bildirib ki, seçkilərin önə çəkilməsi noyabrda Azərbaycanda keçiriləcək COP29 tədbirləri ilə əlaqədardır.

Qeyd edək ki, MSK sədrinin parlament seçkiləri ilə bağlı açıqlamasından sonra artıq bəzi şəxslər seçkilərə qatılacağı ilə bağlı açıqlama verməyə başlayıblar. Onlardan biri də tanınmış politoloq Elxan Şahinoğludur. O, bu barədə özünün feysbuk hesabında yazıb.

Redaktor.az xəbər verir ki, Elxan Şahinoğlu bu dəfə parlament seçkilərində gücünü sınayacağını bildirib:

"Ətrafımdakı insanlar da bu qərarla bağlı mənə dəstək verdiklərini bildirirlər. Ona görə əgər namizədliyimi irəli sürməyə qərar versəm, böyük ehtimalla doğma Ağdamı seçəcəm. 119 saylı Ağdam kənd seçki dairəsində namizədliyimi qeydə almağa çalışacam. Niyə məhz Ağdamı seçmişəm? Əslimiz Şuşanın, hazırda isə Xocalının Malıbəyli kəndindən olsa da, babam sonrakı illərdə Ağdama köçüb, atam, əmilərim, bibilərim bu şəhərdə doğulublar, özümün də uşaqlıq illərimin bir hissəsi Ağdamda keçib".

Politoloq daha sonra qeyd edib ki, Ağdam qəhrəman şəhərdir, Birinci Qarabağ müharibəsindəki döyüşlərdə ən çox itki verən bölgələrimizdəndir.

"Ağdam yenidən qurulur və Qarabağın ən böyük şəhərlərindən birinə çevriləcək. Bu işlərdə mən də əlimi daşın altına qoymaq istəyirəm. İlk növbədə yerli əhalinin problemlərini dinləmək istəyirəm. Yerli əhali əsasən kənd təsərrüfatında çalışır, məhsullarının satışı ilə bağlı problemlər var. Millət vəkili seçiləcəyim təqdirdə həmin problemlər və onların həlli yollarını diqqətdə saxlayacam. Ağdamın şəhid ailələri və qazilərin nümayəndələri ilə görüşəcəm, onların fikir və təkliflərini öyrənəcəm. Çünki ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişiksə, buna görə dövlət başçısına, şanlı ordumuza və döyüşlərdə şəhid və qazi olanlara borcluyuq", - deyə Elxan Şahinoğlu bildirib.

T.İSMAYIL