Avtobus marşrutları müsabiqəyə çıxarılır

 17:56 01.05.2024     371

Bakı-Zaqatala, Bakı-Oğuz, Bakı-Bərdə, Bakı-Tərtər, Bakı-Beyləqan, Bakı-Kürdəmir, Bakı-Göyçay, Bakı-Şabran, Bakı-Siyəzən və Bakı-Masallı şəhərlərarası, paytaxtın 120, 126, 140 və 508 nömrəli şəhərətrafı, eləcə də 120E, 121E və 140E nömrəli ekspres avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Bu barədə Redaktor.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 30 may saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri komissiya tərəfindən paytaxtın 126, 508, 120 nömrəli şəhərətrafı və 120E nömrəli ekspres avtobus marşrutları üzrə 4 Lot üzrə iyunun 4-də;

paytaxtın 140 nömrəli şəhərətrafı, 140E və 121E nömrəli ekspres avtobus marşrutları üzrə 3 Lot üzrə iyunun 7-də;

Bakı-Zaqatala, Bakı-Bərdə və Bakı-Tərtər istiqamətlərində 5 Lot üzrə iyunun 11-də;

Bakı-Şabran, Bakı-Siyəzən və Bakı-Oğuz istiqamətlərində 6 Lot üzrə iyunun 21-də;

Bakı-Masallı, Bakı-Oğuz, Bakı-Beyləqan, Bakı-Göyçay və Bakı-Kürdəmir istiqamətlərində 5 Lot üzrə iyunun 25-də baxılacaq.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.