"Rəfahda genişmiqyaslı hərbi əməliyyatı dəstəkləyə bilmərik" - Blinken

 09:25 04.05.2024     200

ABŞ Fələstinin radikal HƏMAS hərəkatının Qəzza zolağında atəşkəs və girovların mübadiləsi təklifinə müsbət cavab verəcəyinə ümid edir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə günü ABŞ-nin dövlət katibi Entoni Blinken Arizona ştatının Sedona şəhərində Makkeyn İnstitutunun keçirdiyi forumda çıxışı zamanı bildirib.

“Hazırda baş verə biləcək ən yaxşı şey, HƏMAS-ın öyrəndiyi razılaşmaya nail olmaq, atəşkəs əldə etmək və girovların azad edilməsidir. Biz HƏMAS-dan cavab gözləyirik. Gözləyirik ki, atəşkəs və girovların azad edilməsi üçün bəli deyəcəklərmi", - o deyib.

Blinkenin sözlərinə görə, “indi reallıq budur ki, Qəzza xalqı ilə atəşkəs arasında dayanan yeganə şey HƏMAS-dır".

Qəzza zolağının Rəfah şəhərində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi zərurətindən danışan dövlət katibi vurğulayıb:

“İsrailin əhalini qorumaq üçün belə bir plan olmadığı halda, biz yəhudi dövləti tərəfindən Rəfahda genişmiqyaslı hərbi əməliyyatı dəstəkləyə bilmərik, çünki onun vuracağı zərər məqbul olandan artıq olacaq”.

Turan İSMAYIL