Gürcüstanın baş naziri etirazları dəstəkləyən Şarl Mişelə cavab VERDİ

 11:20 04.05.2024     200

Xaricdən maliyyələşən təşkilatlar 2020-ci ildən 2023-cü ilə qədər Gürcüstanda dövlət çevrilişləri həyata keçirməyə cəhd ediblər, bu baxımdan "Xarici agentlər haqqında" qanunun qəbulu cəmiyyətin depolarizasiyasına nail olmaq üçün mühüm ilkin şərtdir.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze özünün "X" sosial şəbəkəsindəki səhifəsində Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel ilə söhbətdən sonra bildirib.

“Mən Avropa İttifaqı Şurasının prezidentinin diqqətini 2020-2023-cü illər arasında Gürcüstanda baş vermiş iki inqilab cəhdində xaricdən maliyyələşən təşkilatların fəal iştirakına cəlb etdim. Bu kontekstdə vurğuladım ki, şəffaflıq haqqında qanunun qəbulu Avropa İttifaqının əsas tövsiyəsi olan depolarizasiyaya nail olmaq üçün mühüm ilkin şərtdir”, - o yazıb.

"Bundan əlavə, Gürcüstan hökuməti bu qanuna qarşı bir dənə də olsun əks-arqument eşitməyib", - Baş nazir əlavə edib.

Onun sözlərinə görə, Gürcüstandakı "Xarici agentlər haqqında" qanun sırf Gürcüstan cəmiyyəti ilə bağlı müvafiq təşkilatların şəffaflığını və hesabatlılığını artırmağa yönəlib.

Qeyd edək ki, bundan əvvəl Mişel bəyan etmişdi ki, mövcud siyasət davam edərsə, Tbilisi Avropanın gələcəyi şansını əldən verə bilər.

Mayın 1-də Gürcüstan parlamenti həm ölkə daxilində, həm də xaricdə birmənalı qarşılanmayan "Xarici agentlər haqqında" qanunu ikinci oxunuşda qəbul edib. Gürcüstanda etiraz aksiyaları keçirilir və Aİ "Xarici agentlər haqqında" qanunun ölkənin Avropaya inteqrasiyası üçün qəbuledilməz olduğunu bəyan edib.

Turan İSMAYIL