Cenevrə görüşü, Şuşaya doğru irəliləyən ordumuz... - BU GÜN NƏ BAŞ VERƏCƏK?

 13:03 30.10.2020     3166

Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Cenevrə görüşü düşünmürəm ki, hansısa nəticə verəcək. Çünki nəticənin olması üçün Ermənistan tərəfi Azərbaycanın ortaya qoyduğu şərtlərə tam şəkildə əməl etməlidir”.

Bu sözləri Redaktor.az politoloq Tofiq Abbasov bu gün baş tutacaq Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Cenevrə görüşünü şərh edərkən deyib. O bildirib ki, Ermənistan mövqeyini dəyişməyəcəyi təqdirdə danışıqlar masasında heç bir ciddi nəticə olmayacaq:

“Bərdə təxribatı bir daha göstərdi ki, Ermənistanla danışıqlar masasında hər hansı bir nəticə əldə etmək mümkün deyil. Diqqət edin, müharibənin başladığı gündən bu ana qədər 3 dəfə görüş olub və hamsı da nəticəsizdir. Nəticənin olmamasına səbəb də Ermənistanın vədinə əməl etməməsidir. Bu baxımdan,düşünürəm ki, Cenevrə görüşündə də ciddi nəticə çıxmayacaq. Bu o deməkdir ki, Ermənistan Azərbaycanın ortaya qoyduğu şərtləri qəbul etməyənə qədər hansısa razılaşmadan söhbət gedə bilməz. Lakin ola bilsin ki, görüşdə həmsədrlərin münaqişə tərəfi olan ölkələrə hər hansısa bir çağırışı olsun. Amma real vəziyyəti təhlil etsək görəcəyik ki, Ermənistan öz mövqeyini dəyişməsə, danışıqlar masasında heç bir irəliləyişə nail olunmayacaq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Cenevrədə işçi səfərdədir.

Mahir Xəttab \ Redaktor.az