"Sarkisyanı Paşinyan istefaya məcbur edib" - Politoloq

 13:07 25.01.2022     680

Ermənistan Prezidenti Armen Sarkisyanın vəzifəsindən istefası öz ölkəsində olduğu kimi, Azərbaycanda da müzakirə olunmaqdadır.

Bəs görəsən, bu istefa Ermənistana hansı dəyişikliklərə səbəb olacaq? Proseslər hansı məcrada irəliləyəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Qabil Hüseynli hesab edir ki, Sarkisyanı istefaya Baş nazir Nikol Paşinyan məcbur edib:

“Sözsüz ki, Armen Sarkisyan Serj Sarkisyanın dövründən sonra prezident seçilmişdi. Yəni o, həmin dövrdən qalan bir şəxs idi. Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra baş nazirlə prezident arasında bir o qədər də normal münasibət formalaşmadı. Xüsusilə 44 günlük müharibədən sonra prezident Nikol Paşinyana qarşı, yəni onun hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı proseslərdə həmişə Nikolun əleyhinə olan cəbhədə dayanırdı, Qarabağ klanına, Robert Koçaryan və Serj Sarkisyana dəstək verirdi. Nikol Paşinyan prezidenti hakimiyyətdən uzaqlaşdırmaq və istefaya məcbur etmək üçün həmişə çalışırdı. Həmin vəziyyət indi yetişib. Nikol Paşinyan əlinin gücləndiyi bir vaxtda Armen Sarkisyanı istefaya məcbur edə bildi. Zahirən belə görünür ki, prezident özü istəyərək istefaya gedib. Lakin bu, belə deyil. Armen Sarkisyan başa düşdü ki, bundan sonra Paşinyanla bir yerdə işləyə bilməyəcək. Çünki həm parlamentdə əksəriyyətə sahib olan, həm də icra hakimiyyətinin rəhbəri kimi tanınan Nikol Paşinyanla bundan sonra davam etmək onun üçün çox çətin idi. Nəticə olaraq prezident istefaya getdi”.

Politoloq bildirdi ki, N.Paşinyan ölkədə siyasi sistemin quruluşunu dəyişdirmək istəyir:

“Söhbət Serj Sarkisyanın bünövrəsini qoyduğu parlamentar idarəetmə sistemindən prezident üsul-idarəsindən gedir. Onun fikrincə, indiki ağır şəraitdə ölkə güclü prezident hakimiyyəti vasitəsilə problemlərdən azad oluna bilər. Lakin bunun üçün keçid dövrü lazımdır. Referendum keçirilməli və xalqın rəyi ilə bu iş həyata keçirilməlidir. Lakin istənilən halda görünən budur ki, ciddi surətdə prosesləri dəyişmək istəyir. Bunun yolunda başlıca əngəllərdən biri hesab olunan Armen Sarkisyanı hakimiyyətdən uzaqlaşdıra bildi”.

Şəbnəm Mehdizadə