"Azərbaycan qazının Ermənistana satılması müzakirə edilə bilər" - Deputat

 16:44 25.04.2024     209

Bildiyimiz kimi, Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, İrəvan Bakı ilə qaz alışı məsələsini müzakirə etməyə hazırdır.

“Hesab edirəm ki, Ermənistan Azərbaycandan qaz alsa, bu məsələni müzakirə etməliyik. İndi də Rusiya Federasiyasından aldığımız qazın bir hissəsi Azərbaycan qazıdır”, - deyə Simonyan qeyd edib.

Bu proses baş tuta bilərmi? Ermənistana qaz satılması mümkündürmü? Mümkündürsə, bu proses necə, nə vaxt baş tuta bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyevin sözlərinə görə, Azərbaycan artıq üç il yarımdan çox bir müddətdir ki, Ermənistanın götürdüyü bir öhdəliyin yerinə yetirilməsini gözləyir:

"Bu Zəngilanla Naxçıvan arasında əlaqələrin, kommunikasiyaların açılması ilə əlaqədardır. Cənab Prezident öz çıxışlarında qeyd edib ki, burada yalnız quru yolundan ibarət və yaxud dəmir yolu xəttindən ibarət bir dəhlizdən söhbət getmir. Zəngəzur dəhlizindən biz danışdıqda, burada eyni zamanda həm enerji resurslarının daşınması da nəzərdə tutulur, həm elektrik enerjisi, həm də qaz xətlərinin daşınmasını Zəngəzur dəhlizi vasitəsilə həyata keçirmək istəyirik. Çünki Azərbaycan özü ən qısa yolla Naxçıvanın enerji ehtiyatlarını qarşılamaq istəyir. Bu baxımdan da mən düşünürəm ki, əgər biz Naxçıvana Azərbaycan qazını ötürməyə nail ola bilsək, bu zaman Ermənistan üçün də Azərbaycan qazının satılması müzakirə edilə bilər. Yəni, bütün bu deyilən məsələlər, Ermənistana Azərbaycan qazının nəql edilməsi məsələsinin müzakirə olunması birbaşa Ermənistanın danışıqlar prosesində səmimi olmasından və danışıqların uğurla yekunlaşa bilməsi üçün real addımlar atmasından asılıdır. Əgər Ermənistan Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı öhdəliklərini yerinə yetirərsə və Azərbaycanın şərtlərinə uyğun bu dəhlizin fəaliyyətinə razılıq verərsə, düşünürəm ki, yaxın gələcəkdə Azərbaycan qazının məhz Naxçıvana nəql edilməsi, eyni zamanda, Azərbaycan qazının Ermənistana ötürülməsi və satılması məsələləri də müzakirə oluna bilər", - deyə deputat bildirdi.

Humay İSGƏNDƏRLİ