Aşurada uşağın nə işi var? – Ekspert rəyi

 17:42 09.08.2022     725

Bildiyimiz kimi, Məhərrəm ayının 10-cu günü - Aşura şiə təriqətinə mənsub olan müsəlmanlar tərəfindən matəm günü kimi qeyd edilir. Bu təriqətə bağlı insanlar çoxluq təşkil etdiyindən ölkəmizin demək olar ki, hər yerində Aşura mərasimləri keçirildi.

Hər il olduğu kimi bu dəfə də həmin mərasimlərdə azyaşlıların iştirakını müşahidə etdik. Həmin mərasimlərdən yayılan fotolarda uşaqların iştirakı sosial şəbəkə istifadəçiləri arasında mübahisələrə səbəb olub. Hətta bəzi görüntülərdə 7-8 yaşlı uşaqlar böyüklər kimi özlərini zəncirlə döyürdü.

Maraqlıdır, hələ özünü, həyatı dərk etməyən uşaqların bu mərasimlərdə iştirakı nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Redaktor.az-a danışan ilahiyyatçı Elşad Miri bildirdi ki, buna nəzarət edəcək hansısa bir dövlət qurumu yoxdur.

“Bu məsələ ilə bağlı ancaq valideynlər cavab verə bilər. Bilirsiniz ki, qanunlara görə müəyyən bir yaş həddinə qədər uşaqlar valideynlərinin himayəsində olurlar. Yəni uşaqlar orda etiraz edə bilmir. Etirazları varsa da, bizdə elə bir ənənə formalaşmayıb ki, zəng edib harasa şikayət etsinlər. Valideynlər özlərini dindar göstərmək üçün və yaxud da övladlarına bunu aşılamaq üçün özləri ilə birlikdə aparırlar. Təəssüflər olsun ki, buna heç kim nəzarət edib qadağa qoymur. Bu yerlərin “18+” olduğunu heç kim qeyd etmir. Ona görə də, heç kim bu barədə heç nə deyə bilmir.

Faktiki olaraq uşaq psixologiyası ilə məşğul olanlar bu məsələyə aydınlıq gətirməlidilər. Amma əfsuslar olsun ki, bizdə buna nəzarət edən qurum yoxdur”,- o dedi.

Onun sözlərinə görə, İslamda dini mərasim deyilən bir anlayış yoxdur. Bu sonradan ortaya çıxmış məsələdir.

“İslam ədalət, humanist, hamının Allah qarşısında bərabər olduğunu təlqin edən dindir. Həmçinin Quranda belə bir şeyin olması mümkün deyil. Çünki bu Quranın gəlişindən on illər sonra baş vermiş bir hadisədir. Sadəcə bunu bir ideologiya şəklində tətbiq edirlər. Məsələn, həmin günlərdə uşaqlarını Aşura mərasiminə aparan insanlardan peyğəmbərin doğum və yaxud ölüm gününü soruşsanız xəbərləri olmayacaq. Və yaxud da Qurandan ayələri soruşsanız bilməyəcək. Amma faktiki olaraq kütlə psixologiyasına uyğun olaraq hərəkət edildiyinə görə belə şüarlar səsləndirilir”,- ilahiyyatçı qeyd etdi. 

Dini araşdırmaçı Vüqar Abbasovun fikirlərinə görə isə, təxribat xarakterli məclislərdə uşaqların iştirak etməsi doğru deyil. Lakin Quranın təhrif olunmadan uşaqlara öyrədilməsi alqışlanmalıdır:

“Ümumiyyətlə, uşaqların həmçinin də böyüklərin zəncir, sinə vurması bunlar dində nəzərdə tutulmayıb. Dində addımlar ciddi düşünülüb atılmalıdır. Fərq etmir uşaq və ya böyük olsun, əgər insan  bir şeyi anlamırsa, onu etməsi dində boş bir şey hesab olunur. Bu insanların təriqətlərə bölünməsindən sonra meydana çıxan din adı altında bir tədbirdir. Onlar özlərindən uydururlar ki, bu dinlə bağlıdır. Lakin Qurana baxsaq, belə bir qaydanın olmadığını görərik”.

Həmidə Rasimqızı