Bu əşyaları internetdən ALMAYIN! - Keyfiyyətsiz çıxa bilər

 15:42 19.04.2019     760

"Saytda məhsulun şəkili gözəl görünə bilər, amma əsas olan keyfiyyətidir".

Müasir dövrdə alış-verişin ən çox yayılan formalarından biri də onlayn alış-verişdir. Geyimdən tutmuş, məişət texnikasına qədər internet üzərindən alınan brend malların qiyməti isə daha ucuz olur.

Maraqlıdır ki, insanlar onlayn alış-veriş zamanı hansı amillərə diqqət etməlidirlər?

Məsələ ilə bağlı İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov Redaktor.az-a açıqlamasında bildirib ki, vətəndaşlar daha çox tanınmış saytlardan alış-veriş etsinlər:

“Tanınmış veb-saytlardan onlayn alış-veriş etmək daha məqsədəuyğundur. Lakin burada bir məqam var. "Ebay.com”, “Amazon.com”, “Alibaba.com”, “Aliexpress.com” və s. kimi saytların satıcıları istənilən şəxs ola bilər. Bu baxımdan, qlobal saytlar əksər hallarda məhsulların keyfiyyətinə cavabdeh ola bilmirlər. Onlayn satışlarda satılan məhsulun altında şirkətin adı yazılır. Vətəndaşlar məhsulu almadan öncə, həmin şirkətin reytinqinə, alıcıların qiymətləndirməsinə diqqət etməlidirlər. Bundan başqa, məhsul haqqında araşdırma aparmaq lazımdır. Saytda məhsulun şəkili gözəl görünə bilər, amma əsas olan keyfiyyətidir".

Fərid Kazımov onu da qeyd edib ki, onlayn alış-veriş çox sərfəlidir:

“Onlayn məhsullar daha ucuz olur. Çünki saytlar icarə pulu ödəmir, burada kommunal xərclər yoxdur. Onlayn alış-veriş vətəndaşlar üçün sərfəli olsa da, bunu ölkə iqtisadiyyatına şamil etmək olmaz. Vətəndaşlar hansısa məhsulu alarkən sadəcə çatdırılma pulu ödəyirlər. Xarici mağazalar vergi ödəmədiyinə görə təəssüf ki, yerli mağazalarımız rəqabətdə uduzur”.

Onlayn alış-verişdə satılan məhsulların sifarişi barədə isə Fərid Kazımov vurğulayıb ki, geyim və məişət əşyalarının onlayn alışı daha məqsədəuyğundur.

Gülşən Şərif/ Redaktor.az