“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibləri - SİYAHI

 13:54 06.05.2019     593

Çempionlar Liqasının 2019/20 mövsümündə I təsnifat mərhələsində mübarizə aparacaq 24 komanda müəyyənləşib.

Redaktor.az bildirir ki, Azərbaycan çempionu “Qarabağ” iyunun 18-19-da keçiriləcək püşkatma zamanı səpələnmişlər səbətində yer alacaq.

Ağdam təmsilçisi burada yer alacağı dəqiqləşən 11 klubdan biridir. Qurban Qurbanovun yetirmələri kimi “Seltik” (Şotlandiya), BATE (Belarus), “Srvena Zvezda” (Serbiya), “Astana” (Qazaxıstan), APOEL (Kipr), “Makkabi” (Təl-Əviv, İsrail), “Şerif” (Moldova), “Rusenborq” (Norveç), HİK (Finlandiya) və “Dandalk” (İrlandiya) klubları da ilk raundun reytinqli komandalarıdır.

“Qarabağ”ın 17 potensial rəqibinin yer alacağı səpələnməmişlər səbətində isə 7 klub dəqiqləşib. Bunlar “Ferentsvaroş” (Macarıstan), “Kalyu” (Estoniya), “Valyur” (İslandiya), “Linfild” (Şimali İrlandiya), “HB Torshavn” (Farer adaları), “Riqa” (Latviya) və “Saburtalo” (Gürcüstan) klublarıdır.

Çempionluğu rəsmiləşən digər 6 komandanın yer alacağı səbət isə hələ dəqiqləşməyib. AİK (İsveç), “Slovan” (Slovakiya), TNS (Uels), “Şkendiya” (Makedoniya), “Suduva” (Litva) və “Valletta”nın (Malta) hansı səbətdə yer alacağı digər ölkələrin çempionlarının kimliyindən asılı olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları iyulun 9-10 və 16-17-də keçiriləcək.