ABŞ Koreya yarımadasında hərbçilərinin sayını dəyişməyəcək

 22:45 02.12.2021     276

ABŞ Koreya Respublikasındakı (Cənubi Koreya) hərbi mövcudluğunu indiki 28 500 nəfər səviyyəsində saxlayacaq. 

Redaktor.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın müdafiə naziri Soo-ok dekabrın 2-də Seulda Pentaqonun rəhbəri Lloyd Oustin ilə birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, Birləşmiş Ştatlar Cənubi Koreyadakı qoşunlarının hazırkı sayını saxlamağa söz verib. Soo-ok, həmçinin bildirib ki, danışıqlar zamanı tərəflər öz qoşunlarının əməliyyat komandanlığının müharibə zamanı Seula təhvil verilməsində irəliləyiş əldə ediblər və 2022-ci ildə Cənubi Koreya tərəfinin bu prosesə hazırlığının qiymətləndirilməsini başa çatdırmağı planlaşdırırlar. 

1950-1953-cü illər Koreya müharibəsindən sonra Seul ölkəni KXDR-in işğalı təhlükəsindən qorumaq üçün qoşunlarına nəzarəti Vaşinqtona verib.

Sülh dövründə qoşunlara komandanlıq etmək hüququ 1994-cü ildə Seula qaytarılıb, lakin silahlı münaqişəyə operativ nəzarət hüququ Vaşinqtonda qalır. Oustin 53-cü Birgə Təhlükəsizlik Məsləhətləşməsində iştirak etmək üçün dekabrın 1-də Koreya Respublikasına gəlib.