Bayden YAPONİYADADIR

 13:05 22.05.2022     338

ABŞ Prezidenti Co Bayden Yaponiyanın Baş naziri Fumio Kişida və “Dörd lider”in sammitində iştirak etmək üçün bazar günü Tokioya gedib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreyada səfərdə olan Baydenin təyyarəsi ABŞ Hərbi Dəniz Qüvvələrinin Tokio yaxınlığındakı Yokosuka bazasına enib.

Yaponiya və ABŞ başçılarının görüşü mayın 23-də bazar ertəsinə təyin edilib. Danışıqların əsas mövzusu Ukrayna ətrafındakı vəziyyət və Çinin regionda mövcudluğunun gücləndirilməsi nəzərə alınmaqla ABŞ-Yaponiya müttəfiqlik münasibətlərinin gücləndirilməsi olacaq. Tokioda Yaponiyanın müdafiəsi, o cümlədən “nüvə çətirindən” istifadə ilə bağlı ABŞ-ın mövqeyinin dəyişməzliyi təsdiqlənəcək.

Bundan əlavə, tərəflər Avropa və Hind-Sakit Okean regionunda təhlükəsizlik məsələlərinə ümumi yanaşmanı qeyd edəcək, Tayvan boğazında sülh və sabitliyin vacibliyini vurğulayacaq və Çini daha çox nüvə şəffaflığına və nüvə silahlarının azaldılmasına qoşulmağa çağıracaqlar.

Yaponiya mətbuatının daha əvvəl xəbər verdiyi kimi, bunun fonunda Yaponiya regionda sabitliyə görə məsuliyyət payı kimi müdafiə xərclərini NATO ölkələri səviyyəsində - ÜDM-in 2%-i səviyyəsində artıracağını elan edəcək. Hazırda Yaponiyanın müdafiə xərcləri ÜDM-in təxminən 1,24%-ni təşkil edir.

Çərşənbə axşamı, mayın 24-də Yaponiya, ABŞ, Hindistan və Avstraliya arasında Dördtərəfli Təhlükəsizlik Dialoqu sammiti keçiriləcək. Liderlərin Tokioya səfərinə hazırlıq çərçivəsində onların təhlükəsizliyini təmin etmək üçün bu işə 18 min polis əməkdaşı cəlb edilib.