Çin Avropadan Rusiyanın Ukraynanın işğalı ilə barışmağı tələb edib

 22:17 26.05.2023     324

Ukrayna ilə bağlı “sülh planını” təbliğ etmək üçün Avropaya göndərilən Çinin xüsusi nümayəndəsi Li Hui avropalı diplomatlara Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini saxlaması ilə bağlı sərt tələbi çatdırıb.

Redaktor.az xəbər verir ki, bu barədə " WSJ" Çin nümayəndəsi ilə danışıqlarda iştirak edən Avropa ölkələrindəki diplomatlara istinadən yazıb.

“Avropa turu” zamanı Li Hui avropalılara aydın mesaj verib:

"Avropa Ukraynada dərhal atəşkəsə çağırmalıdır ki, bu da Rusiyanın işğal olunmuş Ukrayna əraziləri üzərində nəzarəti saxlamasına gətirib çıxaracaq. Varşava, Berlin, Paris və Brüsselə səfər edən çinli diplomat Ukraynada müharibəni mümkün qədər tez dayandırmağa və onun genişlənməsinin qarşısını almağa çağırıb. O, həmçinin vurğulayıb ki, ABŞ-ın Avropadakı müttəfiqləri üzərindəki hegemonluğuna qarşı çıxmalıvə Çini Vaşinqtona iqtisadi alternativ hesab etməlidirlər".

Lakin diplomatların sözlərinə görə, Li Huinin qəbulu isti keçməyib.

Avropa rəsmiləri, Çinin tələblərinə cavab olaraq, Pekinin müharibəni dayandırmaq üçün istənilən danışıqlarda vicdanla vasitəçilik etmək qabiliyyətini yenidən şübhə altına alıblar. Onlar qeyd ediblər ki, Avropa Rusiya qoşunları çıxarılmadan Ukraynada sülhün əldə edilə bilməyəcəyi qənaətində Vaşinqtonu dəstəkləyir. Rəsmilər həmçinin Li Huiyə çatdırıblar ki, Avropa hökumətləri Çin lideri Si Cinpinin Vladimir Putinlə əlaqələrindən narahatdırlar.

Avropalı diplomatlar həmçinin Li ilə görüşdə üç əsas mesaj verdiklərini bildiriblər. Onlar Çinin nüvə silahından istifadənin qarşısını almaq üçün Rusiyaya təzyiqlərini davam etdirməsini, təcavüzkara hərbi yardımdan çəkinməsini və Moskvanın hərəkətlərini pisləməsini istəyiblər. Onlar həmçinin Çindən Zaporojye atom elektrik stansiyasının təhlükəsizliyini təmin etmək üçün beynəlxalq səylərə dəstək verməsini xahiş ediblər.

"Biz izah etdik ki, Rusiya qoşunları çıxarılmadan münaqişənin dondurulması beynəlxalq ictimaiyyətin maraqlarına uyğun deyil", - ÇXR nümayəndəsi ilə danışan diplomat bildirib.

O əlavə edib ki, Hui ilə söhbətində avropalı diplomatlar vurğulayıblar ki, Avropa Ukraynaya dəstəyindən əl çəkməyəcək və Avropanın Amerikadan ayrılması mümkün deyil.

Başqa bir diplomat Çinin yəqin ki, Qərbin birliyini sınaqdan keçirir və təşəbbüsü ələ almağa çalışır deyə çinli diplomatın səfərini şərh edib.

Tunar Altunbay