FHN Bulvarda qadağa tətbiq etdi

 12:56 18.03.2024     272

Dənizkənarı Milli Parkda istismar müddəti ötmüş və ya zavod lisenziyası olmayan attraksionların istifadəsinə icazə verilmir.

Redaktor.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Sənayesi Dövlət Agentliyinin Qazanqaldırıcı və Energetika Qurğularında İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət Müfəttişliyinin rəisi Sahil Mənsimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Dövlət Agentliyi təhlükə potensialı olan obyektlərdə, o cümlədən attraksionlarda texniki nəzarətin təşkili və icra olunmasına dövlət nəzarətini həyata keçirir: "Belə ki, mexanikləşdirilmiş attraksionlar istismara buraxılmazdan əvvəl quraşdırıldıqdan sonra zavodun təyin etdiyi pasportlar əsasında agentlikdə qeydiyyata alınır. Mütəxəssislərimiz həmin attraksionları yoxlayaraq istismara yararlılığı müəyyən edirlər, bundan sonra isə istismara icazə verilir. Həmin mexanikləşdirilmiş attraksionlar Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, dövlət reyestrində qeydiyyata alınmalı və istismar müddətində texniki təhlükəsizlik sertifikatı ilə təmin edilməlidir. İstismar müddəti ötmüş və ya zavod lisenziyası olmayan attraksionların istifadəsinə icazə verilmir".

S.Mənsimov bildirib ki, hər hansı attraksion istismara buraxılmadan əvvəl onun təhlükəsiz istismarını təmin etmək məqsədilə mühəndis-texniklər cavabdeh şəxsləri təyin etməlidirlər: "Attraksionlar bununla bağlı məlumatlı olan, müvafiq attestasiyadan, tibbi müayinədən keçmiş attraksion operatoru ilə təmin edilməlidir. Bu işlərin hamısını müəyyən qaydada attraksion sahibi icra etməli və həmin sənədlər Dövlət Agentliyinə təqdim olunmalıdır".