Nazirlik Bakıdakı məşhur kafeni bağladı - VİDEO

 12:57 19.03.2024     381

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Redaktor.az xəbər verir ki, bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 18 ünvanında yerləşən “Love City” kafesində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektin tavan, divar və pilləkən qəfəsinin bərkidilməsi üçün mənşəyi bilinməyən yanan materiallardan ibarət bəzək üzlüklərindən istifadə olunub;

- təxliyə planı mövcud deyil və obyekt yanğın zamanı insanların köçürülməsinə kömək edən qurğularla tam təmin olunmayıb;

- quraşdırılmış avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusuna xidmət lisenziyası olan ixtisaslaşmış təşkilat tərəfindən həyata keçirilməyib;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

- yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib;

- yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

- obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 18 ünvanında yerləşən “Love City” kafesinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Xatırladaq ki, 2023-cü ilin dekabrında “Love City”də yanğın baş vermişdi.