Vitse-spiker amerikalı tələbələrlə görüşdü - FOTO

 18:03 19.03.2024     439

Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev martın 19-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəvəti ilə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatlarının Briqam Yanq Universitetinin bir qrup tələbəsi ilə görüşüb.

Redaktor.az xəbər verir ki, Adil Əliyev qonaqları Milli Məclisin sədri Sahibə Qafarovanın adından salamlayıb, onları Azərbaycan parlamentində görməkdən məmnunluğunu bildirib. Amerikalı tələbələrə Milli Məclis haqqında məlumat verən vitse-spiker parlamentin formalaşması, strukturu, fəaliyyət istiqamətləri haqqında danışıb, onun beynəlxalq əlaqələrindən, beynəlxalq təşkilatlarda təmsilçiliyindən bəhs edib. Adil Əliyev qonaqlara Azərbaycanda uğurla həyata keçirilən multikulturalizm siyasəti, ölkəmizin tolerantlıq ənənələrindən, həm də dünyada idman ölkəsi kimi də tanınmağından söz açıb.

Adil Əliyev, həmçinin Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamasını, işğal dövründə azərbaycanlılara qarşı soyqırım həyata keçirməsini, ölkəmizin bu problemi dinc yolla həll etmək üçün 30 il səbrlə danışıqlar aparmasını, nəhayət,  2020-ci ildə 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etməsini, keçən il keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə suverenliyini tam təmin etməsini qonaqların diqqətinə çatdırıb. O, bölgədəki vəziyyət, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar barədə məlumat verib.

Vitse-spiker tələbələrə Azərbaycanda tarixən formalaşmış tolerantlıq ənənələrindən, ölkədə uğurla həyata keçirilən multikulturalizm siyasətindən danışıb, müasir dünyada mədəniyyətlərarası dialoqun  mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşdə Adil Əliyev qonaqları maraqlandıran sualları cavablandırıb.

Sonra görüş iştirakçıları parlamentin inzibati binası ilə tanış olublar.

2222