Köçkünlərə “çörəkpulu” verilməsi hansı müddətədək davam edəcək? - RƏSMİ

 14:15 21.03.2024     441

İşğaldan öncə yaşadıqları yerlərə qayıdan məcburi köçkünlərin onlar üçün dövlət tərəfindən verilən güzəşt və imtiyazları itirib-itirmədiyi açıqlanıb.

Redaktor.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən "apa"ya bildirilib ki, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir.

Eyni zamanda komitə onlara “çörəkpulu”nun verilməsi nə vaxtadək davam edəcəyi məsələsinə də münasibət bildirib:

“Sosial müdafiə tədbirlərindən biri kimi vahid aylıq müavinətin də verilməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Qaydaya əsasən tənzimlənir. Buna görə, əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il keçəndən sonra əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə vahid aylıq müavinətin (“çörəkpulu”) verilməsi şamil edilmir”.