Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır.
Redaktor.az xəbər verir ki, bunu Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin cənazəsi yaxın günlərdə Xocalıya aparılacaq və orada dəfn olunacaq:
“Xocalı şəhərində Şəhidlər xiyabanı salınır, bununla bağlı işlər görülür. Həmin 7 nəfərin cənazəsi xiyabanda torpağa tapşırılacaq”.
Ş.Usubov söyləyib ki, hava şəraiti ilə əlaqədar kütləvi məzəarlıqda işlərə bir qədər fasilə verilib: “Yaxın günlərdə ərazidə işlər bərpa olunacaq”.
Xatırladaq ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı kütləvi insan qalıqları aşkarlanıb.
Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının birgə həyata keçirdiyi baxış-istintaq hərəkəti və aparılan müayinə nəticəsində aşkarlanan insan qalıqlarının ən azı 18 nəfərə məxsus olması (4 nəfərin azyaşlı olması ehtimal edilir), onların müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib.
Məhkəmə-genetik ekspertizasının hazırkı mərhələsində 8 nəfərin şəxsiyyəti müəyyən edilib:
(Xocalı rayon sakinləri)
1. Əliyev Ağaəli Naib oğlu - 01.06.1933-cü il
2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933-cü il
3. Mahmudov Akif Seydulla oğlu – 01.06.1962-ci il
4. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974-cü il
5. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935
(Xankəndi şəhər sakinləri)
6. Cavadov Əli Müsül oğlu - 15.06.1954-cü il
7. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955-ci il
8. Məhərrəmova Bəsirə Vəli qızı - 01.06.1954-cü il
Akif Mahmudov martın 27-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunub.