Təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramıdır

 09:04 28.03.2024     468

Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürüb.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1997-ci il 23 mart tarixli Sərəncamına əsasən, hər il martın 28-i təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.

Redaktor.az Azərbaycan milli təhlükəsizlik orqanlarının yaranma tarixinə və keçdiyi yola qısaca nəzər salır.

1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsi təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra isə onun qardaşı Nağı Şeyxzamanlı olub.

Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (ÇK) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Yetmiş illik sovet hakimiyyəti dövründə respublikamızda fəaliyyət göstərən dövlət təhlükəsizliyi orqanının vəzifəsi, əsasən mövcud quruluşu qorumaq, sovet ideologiyasına zidd düşüncə tərzinin yayılmasının qarşısını almaq olub.

Təhlükəsizlik orqanlarının milliləşməsi Heydər Əliyevin adı ilə bağlıdır

Xüsusi xidmət orqanında milli kadrların yüksək vəzifə tutmasına uzun müddət imkan verilmirdi. Bu stereotip yalnız Ulu Öndər Heydər Əliyev Azərbaycan təhlükəsizlik orqanına rəhbər təyin olunduqdan sonra dəyişdi. Gənc yaşlarından yüksək intellekti, təşkilatçılıq və idarəçilik bacarığı, fitri kəşfiyyatçı istedadı ilə böyük nüfuz və etimad qazanan Heydər Əliyev bu mühüm dövlət orqanında milli kadrların sayının artırılmasına, onların irəli çəkilməsinə, eyni zamanda, azərbaycançılıq ruhunun bərqərar edilməsinə nail oldu.

Ümummilli Lider Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başlandı. Ömrünün 25 ilini milli təhlükəsizlik orqanlarında fəaliyyətə həsr edən Ümummilli Lider Heydər Əliyev o illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş yaradıb, milliləşdirmə siyasətinin əsasını qoydu və bu məqsədə nail olub. Bu siyasət müstəqil Azərbaycanda dünya tərəfindən qəbul edilən və təqdir olunan sabitliyin bərqərar olmasında müstəsna rol oynadı.

Dahi rəhbərin təhlükəsizlik təşkilatında əsasını qoyduğu peşəkarlıq məktəbi hazırda da layiqincə davam etdirilir. Xüsusi xidmət orqanlarının səmərəli fəaliyyəti üçün müəyyənləşdirdiyi meyarlar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyat heyəti tərəfindən daim rəhbər tutulur.

Dövlət təhlükəsizliyi orqanları yeni müstəvidə

Dövlət təhlükəsizliyi sahəsində ciddi keyfiyyət dəyişikliklərinə nail olunması Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Dövlətimizin başçısı təhlükəsizlik məsələsinə hər zaman kompleks və sistemli yanaşıb, bu məqsədlə əsaslı struktur islahatları aparılıb. Bu islahatlar sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti yeni müstəviyə qalxıb. Azərbaycan Prezidentinin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında DTX və Xarici Kəşfiyyat Xidmətinin yaradılması xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmağa, yeni dövrün tələblərinə uyğunlaşdırmağa və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönəlib. Bu islahatlar antiterror koalisiyasının fəal üzvlərindən olan Azərbaycanda sabitliyin təmin olunmasına, terrorçuluğa və qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinə geniş imkanlar açıb. Təsadüfi deyil ki, son illərdə terrorçuluq fəaliyyəti ilə məşğul olan onlarla silahlı dəstə zərərsizləşdirilib. Transmilli cinayətkarlıqla mübarizə sahəsində də ciddi nailiyyətlər qazanılıb. Ölkə ərazisindən tranzit daşınması planlaşdırılan tonlarla narkotik maddə aşkarlanaraq dövriyyədən çıxarılıb, kibertəhlükəsizliyin təmin olunması istiqamətində bir sıra uğurlu əməliyyatlar həyata keçirilib.

Azərbaycan dövlətinin təhlükəsizlik orqanlarına göstərdiyi yüksək diqqət və qayğı ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunmasına, xalqımızın təhlükəsizliyinin daha etibarlı müdafiəsinə xidmət edir.

İşğaldan azad olunan ərazilərdə uğurlu fəaliyyət

Suverenliyi tam bərpa edilmiş Azərbaycanın təhlükəsizlik orqanları peşə bayramlarını Qələbə əhvali-ruhiyyəsi ilə qeyd edirlər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vurulmasında və şanlı Zəfərin qazanılmasında, 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirlərində, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizliyin etibarlı təmin olunmasında Azərbaycanın xüsusi xidmət orqanlarının özünəməxsus payı var.

Müharibənin başa çatmasından və lokal xarakterli antiterror tədbirlərindən sonra da milli təhlükəsizlik orqanları işğaldan azad olunan ərazilərdə xidməti fəaliyyətlərini uğurla davam etdirirlər. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli Fərmanına uyğun olaraq, qısa müddətdə Dövlət Təhlükəsizliyi Xidmətinin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə başlayıb. 2020-ci ilin dekabrında Azərbaycan Respublikası DTX-nin Şuşa rayon idarəsinin yeni binasının açılışı və Cıdır düzündə DTX-nin Mədəniyyət Mərkəzi tərəfindən 30 ildən sonra ilk dəfə konsert proqramının təşkili təkcə xüsusi xidmət orqanlarının şəxsi heyətinə deyil, hər bir azərbaycanlıya unudulmaz hisslər bəxş edib.

2021-ci ilin martında DTX-nin Xətai və Suraxanı rayon idarələrinin yeni binalarının istifadəyə verilməsi, ərazi orqanları əməkdaşlarının əməliyyat-xidməti fəaliyyətlərini daha səmərəli və peşəkar təşkili üçün davamlı olaraq yaradılan yüksək şərait, eləcə də müasir maddi-texniki təminat və təchizat Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarına qayğısının növbəti təzahürüdür.

Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərmiş və terrorçuluq əməlləri törətmiş qanunsuz erməni silahlı birləşmələrinin rəhbərləri, separatçıların liderləri məhz DTX–nin həyata keçirdiyi tədbirlər nəticəsində tutularaq cinayət məsuliyyətinə cəlb olunub.

Onu da qeyd edək ki, DTX-nin əməkdaşlarının Vətən müharibəsində tarixi Qələbənin qazanılmasına verdikləri töhfələrə həsr edilmiş “Görünməyən qəhrəmanlar” və “Qartal zirvədə” sənədli filmləri çəkilib.

2023-cü il noyabrın 29-da Prezident İlham Əliyevin iştirakı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışı olub. Burada əməkdaşların xidməti fəaliyyətlərini səmərəli həyata keçirmələri üçün hər cür şərait yaradılıb. DTX-nin xüsusi təyinatlı dəstəsi ən müasir silah, avadanlıq, dron və digər zəruri texnika ilə təmin olunub.

Milli maraqlarımıza yönələn təhdidlərin qarşısı qətiyyətlə alınır və alınacaq

Bu gün peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən Azərbaycan dövlət təhlükəsizliyi və xüsusi xidmət orqanlarının əməkdaşları müasir iş üslubu ilə çalışaraq xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyurlar. Eləcə də milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə vətənpərvərlik nümunələri göstərirlər.

Əminliklə demək olar ki, xalqımızın milli maraqlarına yönələn bütün təhdid və təxribatların qarşısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə DTX-nin şəxsi heyəti tərəfindən qətiyyətlə alınır və bundan sonra da alınacaq, ölkəmizdə davamlı sabitlik və əmin-amanlıq təmin ediləcək.

Azərbaycanın dövlətçilik tarixindəki mühüm rolu olan milli təhlükəsizlik orqanları əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edir, çətin və şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayırıq.