AzTV-dən Arayikin müsahibəsinin yayımlanmaması barədə AÇIQLAMA - "Bizdən asılı DEYİL..."

 11:37 29.03.2024     619

Azərbaycan Televiziyası (AzTV) Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Harutyunyandan aldığı müsahibəni yayımlamaması barədə açıqlama verib.

Redaktor.az xəbər verir ki, telekanalın mətbuat katibi Rüfət Seyidov modern.az-a açıqlamasında bildirib ki, əvvəlcə sözügedən müsahibənin martın 28-də yayımlanacağı anons edilsə də, sonradan həmin məlumat AzTV-nin sosial şəbəkə hesablarından silinib:
“Müsahibənin efirə getməsi tək bizdən asılı məsələ deyil. “Müsahibənin indi verilməsi nə qədər doğrudur” sualı ilə üzləşmişdik. Dünən biz müsahibənin axşam yayımlanacağı ilə bağlı anons da vermədik. Doğrudur, martın əvvəlində anons yaymışdıq. Daha sonra gördük ki, müsahibənin verilməsilə bağlı bəzi dəqiqləşmələrə ehtiyac var. Ona görə də həmin anonsları bütün sosial şəbəkə hesablarımızdan sildik ki, tamaşaçılarda çaşqınlıq yaranmasın.

Dünən saytlarda və sosial şəbəkələrdə yayılan informasiyalar isə həmin martın əvvəlində gedən və silinmiş anonsa istinad idi. Sanki vətəndaşlarda asossiasiya yaranmışdı ki, martın 28-də müsahibə mütləq efirə gedəcək”.
Bununla belə, Rüfət Seyidov müsahibənin efirə veriləcəyini də söyləyib:
“Müsahibə mütləq gedəcək. Lakin vaxt məlum deyil. Zaman bəlli olan kimi müsahibənin efirə gedəcəyi gün barədə məlumat verəcəyik”.