“Əqli mülkiyyət aylığı”na start verildi

 11:14 02.04.2024     267

Əqli Mülkiyyət Agentliyi tərəfindən 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə 2024-cü ilin aprel ayı “Əqli mülkiyyət aylığı” elan edilib.

Bununla əlaqədar əqli mülkiyyətin müxtəlif istiqamətləri üzrə maarifləndirici xarakterli silsilə tədbirlər keçiriləcəkdir. Universitetlərin və elmi-tədqiqat institutlarının mütəxəssisləri, tələbələr, müəlliflər, ixtiraçılar,o cümlədən gənc ixtiraçılar, iddiaçılar və digər maraqlı şəxslərin, habelə müəlliflərin əmlak hüquqlarının kollektiv idarəetmə təşkilatlarının əməkdaşlarının iştirakı ilə “dəyirmi masa”lar, görüşlər və müzakirələrin keçirilməsi nəzərdə tutulur.

Agentlikdən Redaktor.az-a verilən məlumata görə, tədbir iştirakçıları Azərbaycanda müəllif-hüquq sisteminin yaradılması və inkişaf mərhələləri barədə dolğun bilgi əldə edəcək, müəllif-hüquq sahəsində milli qanunvericilik aktları və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) konvensiya və müqavilələri barədə məlumatlandırılacaqlar. Onlar həmçinin Agentlik tərəfindən hazırlanmış kitab və broşurlardan, xarici müəlliflərin kitablarından və digər materiallardan metodiki vəsait kimi istifadə etməklə kütləvi informasiya vasitələri və müəlliflik hüququ, elmi əsər və müəlliflik hüququ, müəllif-hüquq qanunvericiliyində istisnalar və məhdudiyyətlər, elektron kitabxanalar və müəllif-hüquq məsələləri, rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə, müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinin prinsipləri, təşkili və həyata keçirilməsi, rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüquqlarının idarə edilməsi ilə bağlı geniş müzakirələr apara biləcəklər.

“Əqli mülkiyyət aylığı” çərçivəsində sənaye mülkiyyəti (ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici) barədə də iştirakçılara dolğun məlumatlar veriləcək. Agentliyin təcrübəli mütəxəssisləri tərəfindənÜƏMT-nin “Patent hüququ Müqaviləsi”nin (PLT) tələbləri nəzərə alınmaqla ixtiranın qeydiyyatı və patentləşdirilməsi prosedurları, Azərbaycanda ixtiraçılıq və patent analitikası, patent ailələri, habelə sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilərin ekspertizası və qeydiyyatı barədə iştirakçıların sualları cavablandırılacaq.

Müzakirələrin maraqlı və canlı diskussiya şəraitində keçməsi üçün tədbir iştirakçıları Agentlik tərəfindən hazırlanmış metodiki ədəbiyyatla, kitab və broşurlarla, ÜƏMT-nin müvafiq sənəd və materialları, həmçinin əqli mülkiyyət sahəsində tanınmış beynəlxalqmütəxəssislərin kitabları ilə təmin olunacaqlar.

“Əqli mülkiyyət aylığı”nın keçirildiyi günlərdə əqli mülkiyyət sahəsində müəlliflər (ixtiraçı müəlliflər daxil olmaqla), əlaqəli hüquq sahibləri, tələbələr, iddiaçılar, vətəndaş cəmiyyətinin (ictimai birliklərin) nümayəndələri və digər maraqlı şəxslər arasında sosioloji sorğunun və Agentliyin tabeliyindəki Respublika Elmi-Texniki Kitabxanasının təşkilatçılığı iləkitab sərgisinin keçirilməsi planlaşdırılır.