Bakı metropoliteninin iş rejimində dəyişikliklər EDİLƏCƏK

 15:27 05.04.2024     675

Ramazan bayramı günlərində Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək. Nazirlər Kabinetinin qərarına uyğun olaraq, 6 və 12 aprel tarixlərinin yerləri dəyişdirilib.

Redaktor.az "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir ki, bu səbəbdən aprel ayının 6-sı şənbə günü olsa da, iş günü hesab ediləcək və Bakı metropoliteni buna müvafiq olaraq, adi iş günləri qrafikinə uyğun fəaliyyət göstərəcək. Həmin gün saat 7:00-10:00 və 17:30-19:30 aralıqları gur saat hesab ediləcək və “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 2 dəqiqəlik intervalla tənzimlənəcək.

Sərnişin məmnunluğu və metro istifadəçilərinin rahat hərəkəti nəzərə alınaraq, bayram günlərində növbətçilik cədvəli əsasında işçi personalının fəaliyyəti təmin ediləcək. Bütün stansiyaların infrastrukturu, o cümlədən mühəndis-texniki qurğuların fəaliyyəti nəzarət altında saxlanılacaq.

Aprelin 10-11-də saat 07:00-dan 21:00-dək “Həzi Aslanov-28 May” sahəsi üzrə qatarlar arasında interval 2,5 dəqiqə olacaq. Aprelin 12-14-də həmin sahədə interval 3 dəqiqə təşkil edəcək.

Yaşıl və Qırmızı xətlərin kəsişərək birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” istiqamətlərində qatarların hərəkət intervalı iki dəfə artıq olacaq.

Lakin sərnişin axını istiqamətləri diqqətdə saxlanılmaqla, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq və zərurət yarandığı hallarda xəttə buraxılacaq.

“Bakmil” istiqamətində hərəkət edən sərnişinlərdən xahiş olunur ki, aprelin 6-da iş günlərinin, aprelin 10-11-də şənbə gününün, aprelin 12-14-də bazar gününün hərəkət cədvəllərindən istifadə etsinlər.