Misirin nüfuzlu qəzetində azərbaycanlı alimin müsahibəsi dərc olunub
Misirin nüfuzlu "Alwafd" qəzetində Misir-Azərbaycan Dostluq Cəmiyyəti və Misirdə Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun geniş müsahibəsi dərc olunub.
Redaktor.az xəbər verir ki, tədqiqatçı-alim Azərbaycan ilə Misir arasında tarixi və mədəni əlaqələrdən söhbət açıb. O, VII əsrdə ərəblərin Azərbaycana ilk gəlişində Misir və Şam qəbilələrinin ölkəmizə köçdüyünü qeyd edib. Son illərdə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdiyini qeyd edən S.Nəsirov söyləyib ki, keçən ilin yanvarında Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri bu əlaqələrin daha da inkişafına böyük töhfə verib.
S.Nəsirov bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlərboyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi tanınır. Azərbaycanın sadəcə bu gün deyil, qədimdən çoxsaylı xalqların firavan şəkildə yaşadığı ərazi olduğunu vurğulayan alim əlavə edib ki, ölkəmizdə tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olub. Burada multikulturalizmə, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər keçirilir.
Diaspora sədri, bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının, Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi, vətənimizin dünyada artan nüfuzunun bariz nümunəsi olduğunu da qeyd edib.
S.Nəsirov Azərbaycan xalqının dünya ictimayiyyəti tərəfindən nə dərəcədə ədalətsizliyə və ikili standartlarla rəftara məruz qalaraq 30 il torpaqlarının işğal altında qaldığını oxucuların diqqətinə çatdırıb.
Müsahibədə S.Nəsirovun ölkələrimiz arasında əlaqələrin inkişafında elmi fəaliyyəti haqda da qeyd olunub. Onun araşdırmalarından ərsəyə gəlmiş, "Ərəb mənbələrində azərbaycanlıların həyat və yaradıcılıqları" adlı ilk əsərində yüz azərbaycanlı alim və ədiblər haqqında yazdığı və "Ərəb elminin inkişafında azərbaycanlı alimlərin səyləri" ikinci kitabında isə yüz əlli azərbaycanlı alim haqqında yazdığı qeyd olunur.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən söhbət açan Seymur Nəsirov diqqətə çatdırıb ki, Dostluq Cəmiyyətində Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraətləri və digər fənlər üzrə kurslarda 57 ölkədən 600 dən çox tələbə ödənişsiz təhsil alır.
Aytac XƏLİL