İcbari tibbi sığorta çərçivəsində icra olunan katarakta əməliyyatları ilə bağlı AÇIQLAMA

 12:15 16.04.2024     343

Ötən il Azərbaycanda icbari tibbi sığorta çərçivəsində 35 791 sayda katarakta əməliyyatı icra olunub.

Bu barədə Redaktor.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, bunların 28 619-u özəl, 7 172-si dövlət tibb müəssisələrinin payına düşür. Amerika Birləşmiş Ştatları (ABŞ) istehsalı olan “göziçi linzalar” da sığorta ilə təminata alınıb.

Bundan əlavə, icbari tibbi sığorta çərçivəsində icra olunan katarakta əməliyyatları zamanı vətəndaşların seçiminə əsasən Almaniya, İtaliya, Türkiyə, Çin və Hindistan istehsalı linzalardan da istifadə olunur.

Əməliyyat təxminən 15-20 dəqiqə çəkir. Reabilitasiya dövrü qısadır, əməliyyatdan sonra xəstə eyni gündə evə buraxılır və növbəti gün normal həyat tərzinə qayıda bilər.

Məlumat üçün bildirək ki, el arasında “mirvari suyu” adlandırılan katarakta xəstəliyi geniş yayılmış və korluğa səbəb ola bilən göz xəstəliklərindəndir. Katarakta göz bəbəyinin arxasında yerləşən büllurun şəffaflığını itirərək bulanıq görməyə səbəb olur. Xəstəliyin əsas əlamətləri görmənin “tərləyən şüşədən görmə” kimi bulanıqlaşması, görmə kəskinliyinin və rəng görmə qabiliyyətinin azalması, gecə görmənin pisləşməsi və işığa qarşı həssaslıqdır. Katarakta anadangəlmə (irsi) və ya qazanılmış ola bilir. İcbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.

Redaktor.az