Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin İqtisadi və Sosial Şurasının Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin 23-cü sessiyasında iştirak etmək, eləcə də BMT və Dünya Bankının yüksək vəzifəli rəsmiləri ilə görüşlərin keçirilməsi məqsədilə Amerika Birləşmiş Ştatlarında (ABŞ) səfərdədir.
Redaktor.az xəbər verir ki, Vaşinqtona səfər zamanı Dövlət Agentliyinin sədri ilə Dünya Bankının vitse prezidenti Akihiko Nişio arasında görüş keçirilib.
Görüş zamanı qarşı tərəfə Dövlət Agentliyinin fəaliyyət istiqamətləri, o cümlədən “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri, habelə dövlət xidmətlərinin göstərilməsi sahəsində həyata keçirilən müxtəlif layihələr barədə ətraflı təqdimat edilib.
Eyni zamanda “ASAN xidmət” modelinin BMT tərəfindən iki dəfə yüksək mükafata layiq görüldüyü, eləcə də ötən ilin fevral ayında “Dünyanın ən qabaqcıl dövlət xidməti” seçildiyi diqqətə çatdırılıb.
Bundan əlavə, hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi barədə məlumat verilib.
Qarşı tərəf “ASAN xidmət” modelinin onda yüksək təəssürat yaratdığını və dövlət xidmətlərinin göstərilməsi sahəsində yenilik etmək arzusunda olan ölkələr üçün Azərbaycanın qabaqcıl təcrübəsinin nümunə olacağını bildirib.
Görüş zamanı “ASAN xidmət” modelinin üçüncü ölkələrdə tətbiqi ilə bağlı birgə əməkdaşlığın qurulması barədə ilkin razılıq əldə olunub.
Bundan əlavə Dövlət Agentliyinin sədri ilə Dünya Bankının icraçı direktoru Dominik Favre arasında görüş baş tutub. Görüş zamanı tərəflər arasında mümkün əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.
Dövlət Agentliyinin nümayəndə heyətinin ABŞ-a işgüzar səfəri davam edir.