“BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub”
“Regional və beynəlxalq təşəbbüsləri, qlobal sülh və təhlükəsizliyə verdiyi misilsiz töhfələr, müəllifi olduğu reallıqların bölgəyə gətirdiyi yeni inkişaf meylləri dövlətimizin başçısı cənab İlham Əliyevi dünyada əsas aparıcı liderlərdən birinə, ölkəmizi isə böyük söz sahibinə çevirib. Onun hər bir addımı, qəbul etdiyi qərarları, dəyərli fikirləri təkcə Azərbaycan dövləti və xalqı üçün deyil, ümumilikdə beynəlxalq aləm üçün də önəmlidir. Serbiya Prezidenti Aleksandar Vuçiçin “İlham Əliyev Avropada çox məşhurlaşıb. Bilmirəm o nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim”, Şimali Makedoniya Prezidenti Stevo Pendarovskinin “İlham Əliyev Avropada ən çox arzuolunan şəxsdir”, eləcə də Macarıstanın XİN başçısının Peter Siyartonun “Bu gün Qərb liderləri Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün Bakıya can atırlar” kimi fikirləri bir daha Prezidentimizin beynəlxalq nüfuzundan xəbər verən məqamlardır”.
Redaktor.az xəbər verir ki, bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Heç də təsadüfü deyil ki, Azərbaycanın üzv olduğu, ya olmadığı istənilən regional və beynəlxalq xarakterli görüşlərə cənab İlham Əliyev dəvət olunur və qiymətli fikirləri alınır. Hətta görürük ki, Prezidentimiz dost dövlətlərin təşkil etdiyi daxili tədbirlərdə belə ali qonaq qismində iştirak edir. Təbii ki, bütün bunlar bilavasitə dövlətimizin başçısının şəxsi nüfuzu ilə əlaqədardır. Prezident İlham Əliyevin iştirak etdiyi növbəti belə tədbir aprelin 22-də Moskvada Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə təşkil olunan görüş oldu. Bildiyimiz kimi, BAM indiyə qədər dünya miqyasında həyata keçirilən ən nəhəng nəqliyyat layihələrindən biridir. Və bu layihənin ərsəyə gəlməsində azərbaycanlıların dərin zəhməti və fədakar əməyi danılmazdır. Bunun bariz nümunəsi BAM-in üzərində salınan iki qəsəbədir. Belə ki, Ulkan və Anqoy qəsəbələrini məhz azərbaycanlılardan ibarət briqadalar inşa edib və özü də nəzərdə tutulan vaxtdan iki ay tez işi təhvil veriblər”, - AHİK sədri qeyd edib.
Onun sözlərinə görə, həmin nəhəng magistraldan danışarkən ilk növbədə yada Vətənimizin böyük oğlu, qurucu, ayaq qoyduğu hər bir yerə inkişaf, tərəqqi gətirmiş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev düşür:
“Rusiya Prezidenti Vladimir Putin başda olmaqla dəmir yolu sahəsinin veteranlarının Ulu Öndərimizi yad etməsi, onunla bağlı xoş xatirələrini paylaşması hər birimizi qürurlandırdı. Bu bir tarixdir ki, Azərbaycan adlı dövləti yenidən quran, onu böyük və dönməz inkişaf yoluna istiqamətləndirən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən də öz bənzərsiz fəaliyyəti ilə dərin iz qoyub. O, BAM-in tikintisini sürətləndirmək, aparılan işin keyfiyyətini artırmaq məqsədilə 1984-cü ilin iyununda tikinti regionuna gedib. Ulu Öndər orada əməkçilərlə görüşür, tikinti obyektlərinə baxış keçirir, tikilən yeni qəsəbələr və şəhərlərlə tanış olur. SSRİ-nin rəhbər vəzifəli şəxsinin sadə əməkçilərlə görüşməsi və söhbətləşməsi, qayğıları ilə maraqlanması onlara yeni impuls verir, işi başa çatdırmaq üçün daha səylə çalışmağa ruhlandırır. Tikintinin gedişi ilə bağlı onun Siyasi Bürodakı geniş nitqi, aparılan işi sürətləndirməklə bağlı təşəbbüslərindən sonra BAM-in tikintisində ciddi irəliləyişlər baş verdi. Əminliklə deyə bilərik ki, bilavasitə Heydər Əliyevin peşəkar fəaliyyəti nəticəsində 1984-cü ildə Baykal-Amur magistralı hesabına SSRİ-də dəmir yolu xətlərinin uzunluğu 300 min kilometrdən çox artmışdı. Qürurvericidir ki, 2008-ci ildə BAM-də yerləşən Anqoy stansiyası yenidən təmir edilərkən ona məhz Ulu Öndər Heydər Əliyevin adı verildi və bu, ən ədalətli qərar idi”.