Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı BİLİNDİ
“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına (ARVK) ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, ARVK-ya yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub.
Kollegiyanın mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq, Kollegiya ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan razılığa əsasən, mayın 26-da saat 10:00-da ARVK və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulub.
Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində yerləşən DİM-in inzibati binasında təşkil olunacaq imtahan kompüter vasitəsilə elektronlaşdırılmış qaydada həyata keçiriləcək. Namizədlər buraxılış vərəqəsini imtahandan 10 gün əvvəl dim.gov.az saytından əldə edə bilərlər.
Həmçinin, namizədlərdən müəyyən edilən vaxtdan ən gec bir saat əvvəl imtahanın keçiriləcəyi inzibati binaya şəxsiyyət vəsiqələri və buraxılış vərəqələri ilə birlikdə yaxınlaşmaları xahiş olunur.
Əlavə olaraq bildirilib ki, hazırda sənəd qəbulu davam edir, sənədlərini təqdim etməmiş şəxslər mayın 15-dək Vəkillərin Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərlər.