Azərbaycan-Almaniya əlaqələri inkişaf edir
Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Rəsmi Bakı Avratlantik məkana inteqrasiya və Avropa Birliyi ilə sıx əməkdaşlıq prosesində Almaniyanın dəstəyinə xüsusi önəm verir. Almaniya Federativ Respublikası dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkə olmaqla Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır.
Ötən dövrdə müxtəlif sahələrdə əməkdaşlığımız, xüsusilə də Prezident İlham Əliyevin son illərdə Almaniyaya səfərləri iki ölkə arasında münasibətləri sürətli inkişaf etdirib. Dünyada iqtisadi nəhənglərdən biri sayılan Almaniyanın da Azərbaycanı postsovet məkanında önəmli tərəfdaş adlandırması və xüsusilə də iqtisadi əlaqələrin inkişafına yönəlmiş fəaliyyəti dəstəkləməsi ikitərəfli əməkdaşlığın güclənməsinə şərait yaradır.
Ölkəmiz mühüm strateji mövqeyə, zəngin təbii sərvətlərə malik kifayət qədər mürəkkəb geosiyasi regionda yerləşir və həm Qərb, həm də Şərq dövlətləri üçün maraq kəsb edir. Azərbaycanın xarici siyasətinin istiqamətlərindən biri Avropa İttifaqı ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasıdır. İkitərəfli münasibətlərin yüksək səviyyədə olduğu ölkələr arasında Almaniya ilk sıralarda yer tutur.
Sanif Həsənov,
YAP Ağsu Yarmarka ƏPT sədri